Oct 24 2019 18:42
Views: 244

Azərbaycan Avropanın enerji resurslarının şaxələndirilməsində mühüm rol oynayır. Ölkəmizin həyata keçirdiyi Cənub Qaz Dəhlizi layihəsi tam olaraq enerji şaxələndirilməsi layihəsidir. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda deyib. Bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi artıq başa çatmaq üzrədir.
İlk dəfədir Azərbaycanda keçirilən bu forum Azərbaycanın 2020-ci ildə Beynəlxalq Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində baş tutur. Enerji Xartiyasının Baş katibi Urban Rusnak Azərbaycanın sədrliyi dövründə atılacaq addımlardan, eləcə də ölkəmizlə Enerji Xartiyası arasında əməkdaşlıqdan bəhs edib.
Urban Rusnak qeyd edib ki, 2020-ci ilin dekabrında Bakıda Enerji Xartiyası nazirlər toplantısı keçiriləcək.  Forum bərpa olunan enerjinin inkişafı və texnologiyaların rolu, tənzimləyici mexanizmlər, enerji səmərəliliyinin təşviqi, regional səviyyədə təchizat təhlükəsizliyi mövzuları üzrə dörd sesisiyada işini davam etdirib. Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri İvana Duarte bildirib ki, təmsil etdiyi maliyyə təşkilatı Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafını dəstəkləyir. Bu istiqamətdə energetika nazirliyi ilə əməkdaşlıq etməkdə maraqlıdır.
Foruma 13 ölkənin yüksək səviyyəli dövlət rəsmiləri, 42 beynəlxalq təşkilat, yerli və xarici enerji şirkətləri, dövlət qurumlarının təmsilçiləri, diplomatlar və ekspertlər qatılıb.Qeyd edək ki, 55 üzv ölkəni birləşdirən Beynəlxalq Enerji Xartiyası ilə Azərbaycan 20 ildən çoxdur ki, əməkdaşlıq edir. 2018-ci ildə Azərbaycan Beynəlxalq Enerji Xartiyasının Haaqa ikinci sənədinə qoşularaq bu əməkdaşlığın yeni mərhələsinə başlayıb.

 


Create Account



Log In Your Account