Jul 28 2018 18:03
Views: 596

Beynəlxalq Ordu Oyunlarının açılışı olub. Moskva yaxınlığındakı Patriot parkda baş tutan açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov da iştirak edib. mərasimə Azərbaycan bayrağı gətirilib.
Beynəlxalq Ordu Oyunları bu il sayca 4-cü dəfə təşkil olunur. İyulun 28-dən avqustun 11-nə qədər davam edəcək oyunlar bu il ümumilikdə 28 müsabiqədən ibarət olacaq. Bu yarışlar 7 ölkədə - Rusiya, Çin, Qazaxıstan, Belarus, İran, Azərbaycan və Ermənistanda təşkil olunacaq. Ümumilikdə yarışlara 32 ölkədən 189 komanda qatılıb. Şəxsi heyətin ümumi sayı 5 min nəfərdən çox olacaq. Azərbaycan hərbçiləri Ordu Oyunlarının 5 yarışında iştirak edirlər. Bunlar Tank Biatlonu, Artilleriya Atəşinin Ustaları, Snayper həddi, səhra mətbəxi və Dəniz Kuboku yarışlarıdır.
Artıq Azərbaycan hərbçiləri Rusiyada Alabino poliqonunda keçirilən Tank Biatlonu yarışlarında mübarizəyə başlayıb. Komandamız Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə yarışır.
Müsabiqədə bu il 23 ölkədən tank heyətləri iştirak edir.
Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən komandalar yarışların şərtləri ilə tanış olub, silahlardan sınaq atışları icra ediblər. Azərbaycan artilleriyaçılarının da qatıldığı müsabiqədə 11 ölkədən komanda iştirak edir. Azərbaycan hərbçiləri də sınaq atışları yerinə yetiriblər.
Belarusun Brest təlim poliqonunda keçiriləcək “Snayper həddi” müsabiqəsində silahların qəbulu və atışlara hazırlıq işləri yekunlaşıb. İyulun 28-dən avqustun 9-dək davam edəcək müsabiqədə Azərbaycan snayperləri ilə yanaşı 18 ölkənin komandası iştirak edir. 
Qeyd edək ki, Beynəlxalq Ordu Oyunlarının “Dəniz kuboku” yarışları Bakıda keçiriləcək. Müsabiqəyə hazırlıq çərçivəsində Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunun ərazisində artilleriya atışlarını  məşq ediblər.


Create Account



Log In Your Account