Jul 26 2018 16:14
Views: 570

Beynəlxalq Ordu Oyunları 2018 çərçivəsində ayrı-ayrı yarışlar üzrə məşqlər başlayıb. Azərbaycan ordusunun “Tank biatlonu” müsabiqəsində iştirak edən tank heyətləri ilkin məşqlərdə iştirak edib. Yarış Rusiyada, Moskva yaxınlığındakı Alabino poliqonunda keçiriləcək. Azərbaycan tankçıları iyulun 28-da yarışların ilk günündə çıxış edəcəklər. Komandamız Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə yarışacaq.
Müsabiqədə bu il 23 ölkədən tank heyətləri iştirak edir.
 Alabino poliqonunda oyunların digər yarışı “Səhra mətbəxi” müsabiqəsi də keçiriləcək. Azərbaycan ordusunun hərbi aşpazları da ilkin məşqlərdə iştirak ediblər.
Beynəlxalq Ordu Oyunları bu il sayca 4-cü dəfə təşkil olunur. İyulun 28-dən avqustun 11-nə qədər davam edəcək oyunlar bu il ümumilikdə 28 müsabiqədən ibarət olacaq. Bu yarışlar 7 ölkədə - Rusiya, Çin, Qazaxıstan, Belarus, İran, Azərbaycan və Ermənistanda təşkil olunacaq.  Azərbaycan oyunların Dəniz Kuboku yarışlarına ev sahibliyi edəcək. Bu müsabiqədə Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri iştirak edəcək. Artıq həmin gəmilər Bakıdaır və Xəzər dənizindəki döyüş hazırlığı poliqonunda məşqlərə başlayıb.
Keçiriləcək yarışlarda dənizçilər “Artilleriya atəşlərinin yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə müsabiqənin müxtəlif mərhələlərində güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.
Beynəlxalq Ordu Oyunlarının rəsmi açılış mərasimi iyulun 28-də, Rusiyada, Moskva yaxınlğındakı Patriot hərbi-vətənpərvərlik parkında olacaq. Bu il yarışlarda ümumilikdə 31 ölkədən komandaların iştirak edəcəyi gözlənilir.


Create Account



Log In Your Account