Mar 08 2018 19:01
Views: 848

8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən 2-ci beynəlxalq konfransında təsis olunub. Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur. Bu gün ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada qeyd edilib. Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd olunur. 1975-ci ildə BMT Martın 8-ni Beynəlxalq Qadınlar Günü elan edib.
Azərbaycanda qadınlar böyük diqqət və qayğı ilə əhatə olunub. Ölkə əhalisinin yarıdan çoxunu zərif cinsin nümayəndələri təşkil edir. Bu ilin yanvar ayının əvvəlinə olan məlumata görə, ölkədə 4 milyon 960,1 min qadın yaşayır. Bu, əhalinin ümumi sayının 50,1 faizini təşkil edir. Ötən il doğulan 144 min körpənin 46,8 faizini qız uşaqları təşkil edib. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faizə yaxındır. 2003-cü ilə nisbətən Azərbaycanda məşğul əhali tərkibində qadınların sayı ötən dövrdə 23,2 faiz artaraq bu ilin əvvəlinə 2 milyon 348 min 4 yüz nəfərə çatıb. Ölkədə qadınların sosial-iqtisadi və ictimai-siyasi həyatda bərabərhüquqlu iştirakı təmin olunub.  Azərbaycan əmək və məşğulluq sahəsində qadınlara qarşı hər hansı ayrı-seçkiliyin mövcud olmadığı dövlətlərdən birinə çevrilib.  
Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 17 doğum evi, 137 qadın məsləhətxanası, 250 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 79,8 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 51,9 faizi, həkimlərin isə 65,7 faizi qadındır.
Ümumi təhsil müəssisələrində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,3 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,2 faizi qızlardır. Elmin inkişafında da qadınların müstəsna rolu var. Elmi işçilərin 56 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 1,5 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 12-si qadındır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,5 faiz, sahibkarlar arasında isə 21,5 faiz təşkil edir.
Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, indi parlamentdə qadınların xüsusi çəkisi 16,1 faizə çatıb.
İlk bələdiyyə seçkilərinə nisbətən son seçkidə bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236-ya çatıb. Ümumi bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olub. Halbuki bu göstərici ilk bələdiyyə seçkilərində 4 faiz təşkil edib. Sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2017-ci ildə 6,7 faizədək artıb.
Azərbaycanda bütün zamanlarda qadınlar xüsusi diqqətlə əhatə olunublar. Ölkədə qadın hüquqlarının qorunmasına böyük önəm verilir. Azərbaycan 1995-ci ildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. 1998-ci ildə ölkədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT -nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. Qadın hüquqları ilə bağlı mühüm beynəlxalq sənədləri ratifikasiya edən Azərbaycan milli qanunvericiliyini gender bərabərliyi ilə bağlı mütərəqqi yanaşmalara uyğun qurub.


Create Account



Log In Your Account