Feb 20 2019 18:21
Views: 547

 

İndiyədək Azərbaycandakı yataqlardan 2 milyard tondan çox  neft, 828 milyard kubmetr qaz hasil olunub. 2000-ci ildən bəri Azərbaycanda SOCAR-ın müəssisələri  2.6 milyon metr qazma işi həyata keçirib. Bunun nəticəsində 1490 hasilat quyusu qazılıb. Bu rəqəmlər SOCAR prezidenti Rövnəq Abdullayevin Beynəlxalq Qazmaçılar Assosiasiyasının konfransına ünvanladığı məktubda əks olunub.

SOCAR prezidenti qeyd edib ki, Azərbaycanda hər il 70-80 quyu istismara verilir. Konfransda qeyd olunub ki, indi azərbaycanlı mütəxəssislər Xəzər dənizinin ən mürəkkəb yataqlarında çalışır. SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev bildirib ki, indi Azərbaycanın özünün qazma məktəbi formalaşıb. Bu məktəb yalnız Azərbaycan deyil, ümumilikdə Xəzər regionu üçün gələcək nəsil qazmaçıların yetişdirilməsində mühüm rol oynayır.

Beynəlxalq Qazmaçılar Assosiasiyasının konfransında dünyanın qazma sahəsində  fəaliyyət göstərən aparıcı şirkətlərinin mütəxəssisləri Xəzər regionunda dəyişikliklər ətrafında problemlərin həlli, bazar şərtləri, işçi gücünün inkişafı, qazma səmərəliliyi və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

SOCAR-ın  sponsoru olduğu  konfransda qeyd olunub ki, Xəzər regionunda qazma sahəsində fəaliyyət göstərən şirkətlərin bir araya gəlməsi və problemləri birgə müzakirə etməsi vacibdir. SOCAR-ın Beynəlxalq Qazmaçılar Assosiasiyası ilə yaxından əməkdaşlıq etdiyi qeyd olunub və  bildirilib ki,  əsas məqsəd Azərbaycan üçün dünya səviyyəli mütəxəssislər yetişdirmək, məhz onların  hesabına yerli qazma sənayesinin  inkişafına nail olmaqdır.

Hazırda İADC adı ilə tanınan Beynəlxalq Qazmaçılar Assosiasiyası böyük bir təcrübə bazası formalaşdırıb. Qazma işində fəaliyyət göstərən şirkətlər  konfranslarda toplaşaraq birgə təcrübə mübadiləsi aprırlar. Assosiasiyada  Azərbaycan qazma sənayesində zəngin ənənələrə sahib olan ölkə kimi tanınır. Buna görə Azərbayacan təcrübəsi də digər qazma şirkətləri üçün böyük maraq doğurur.


Create Account



Log In Your Account