Apr 03 2019 18:43
Views: 217

Sabahdan başlayaraq 3 gün ərzində  Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi – “AİTF 2019” keçiriləcək. Sərgi müxtəlif ölkələrin turizm bazarlarının nümayəndələrini, eləcə də milli və regional turizm təşkilatları və dövlət strukturlarını bir araya gətirəcək.  “AITF-2019” Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun dəstəyi və iştirakı ilə keçiriləcək.

“Bütün dünya – bir sərgi” devizi altında keçiriləcək tədbirdə bu il dünyanın 17 ölkəsindən 189 şirkət iştirak edəcək. Bəzi ölkələrin turizm üzrə ixtisaslaşmış bölgələri regional stendlə çıxış edəcəklər.

Bu il də sərgidə Azərbaycanın stendi təqdim olunacaq. Birinci zalda böyük sahəni əhatə edən bu stenddə həm xarici qonaqlar, həm də daxili turizm üçün ölkəmizin bütün turizm potensialı nümayiş olunacaq. Burada şəhər və regionlarda dincəlmək istəyənlər, eləcə də təbiətsevərlər və fəal istirahət həvəskarları maraqlı təkliflərlə tanış ola biləcəklər.

Artıq sərginin xüsusi sektoruna çevrilmiş “Tibbi və Sağlamlıq Turizmi” bölməsində sanatoriyalar, sağlamlıq və SPA mərkəzləri təqdim ediləcək. Bu il sərgidə əlavə tədbirlər proqramı nəzərdə tutulur. Burada “B2B” formatlı görüşlər üçün işgüzar platforma yaradılacaq.

Sərginin əyləncə proqramı çərçivəsində beynəlxalq rəqs festivalının təşkili planlaşdırılır. Bundan əlavə, “Tarixə və Nəsimi yaradıcılığına səyahət” adlı tədbir təşkil olunacaq. Məqsəd Nəsimi ili çərçivəsində dahi şairin xatirəsini yad etmək və sərginin qonaqlarını Azərbaycanın zəngin mədəniyyəti ilə tanış etməkdir.


Create Account



Log In Your Account