Jun 28 2018 18:44
Views: 525

Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycanın bu ölkədəki səfirliyinin və Cusup Balasaqın adına Qırğız Milli Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100-illiyinə həsr edilmiş “Müsəlman dünyasının ilk dünyəvi parlamentli dövləti” adlı beynəlxalq konfrans təşkil olunub. Konfrans çərçivəsində Azərbaycan tarixini və həqiqətlərini əks etdirən kitablar, buklet və jurnallardan ibarət sərgi də təşkil edilib. AXC-nin tarixi və baniləri, Respublika Günü barədə video-çarx nümayiş olunub. Beynəlxalq konfransda Rusiyanın, Türkmənistanın, Qazaxıstanın, Türkiyənin Bişkekdəki səfirləri çıxış edərək Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətindən danışıblar. Qırğızstanda səfərdə olan Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu da tədbirdə iştirak edib. O, Prezident Rəcəb Təyyub Ərdoğanın adından konfrans iştirakçılarına və Azərbaycan xalqına salamlarını çatdırıb. Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov 100 il əvvəl yaranmış və cəmi 23 ay mövcud olmuş AXC-nin müsəlman şərqinin ilk dünyəvi parlamentli demokratik respublika olduğunu vurğulayıb, Prezident İlham Əliyevin 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyini xatırladıb. Qeyd edib ki, Azərbaycan xalqının tarixinin bu şanlı günləri bütün müsəlman dünyasının salnaməsinə qızıl hərflərlə yazılıb. Hidayət Orucov çıxışı zamanı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, bu işğala son qoyulması haqqında BMT qətnamələrinin yerinə yetirilməməsi barədə iştirakçılara məlumat verib. Tədbirdə Qırğızstanda akkreditasiya edilmiş diplomatik nümayəndəliklərin başçıları və əməkdaşları, Cusup Balasaqın adına Qırğız Milli Universitetin professor-müəllim heyəti, Azərbaycan diasporunun fəalları iştirak ediblər.


Create Account



Log In Your Account