Sep 21 2019 18:49
Views: 257

Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş “Bir günəş altında” adlı fotosərgi açılıb. Sərgi Heydər Əliyev Fondunun dəstəyi, Bakı Media Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.

Sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin fotoşəkilləri təqdim olunub. Nümayiş olunan fotoların müəllifləri Bakı Media Mərkəzinin  fotoqrafları Vüqar İbadov və Zaur Mirzəyevdir.

Fotosərginin təşkil edilməsində məqsəd Azərbaycanda tolerant mühitin formalaşdığını, dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquq və azadlıqlardan istifadə etmək imkanı qazandığını bir daha göstərməkdir. “Bir günəş altında” layihəsi zamanı filmin lentə alındığı bütün regionlarda fotoçəkilişlər aparılıb, fərqli etnik qruplara aid insanların həyatının bir anı əks olunub.

Baki Media Mərkəzinin Direktoru Orman Əliyev layihə çərçivəsində çəkilən fotolardan seçilənlərin bu sərgidə nümayiş olunduğunu deyib. Onun sözlərnə görə, stendin bulvarda yerləşdirilməsi həm sakinlərə, həm də şəhərin qonaqlarına şəkilləri izləmək üçün yaxşı fürsət yaradır.

Qeyd edək ki, Bakı media mərkəzinin əməkdaşları layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində 54 kənd və qəsəbənin sakinlərini lentə alıb, Azərbaycan təbiətinin gözəlliyini əks etdirən 3850 mənzərənin, bu gözəl təbiətin qoynunda yaşayan müxtəlif yaşlı, fərqli etnik qruplara aid 2625 insanın fotosunu çəkib. Sərgidə bu şəkillərin içərisindən seçilən 80 foto nümayiş olunur. Fotosərgi daha öncə Fransanın Paris və Kann şəhərlərində Azərbaycan günləri çərçivəsində də təqdim olunub.


Create Account



Log In Your Account