Oct 19 2019 15:04
Views: 321

Gələn ay Azərbaycanın bütün bölgələrində bir gündə 650 min ağac əkiləcək. Bu aksiya birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində baş tutacaq. Ağacların əkilməsi üçün nəzərdə tutulan ərazilərdə çalaların qazılması, su xətlərinin çəkilməsi və digər zəruri hazırlıq işləri görülür.

Ağacəkmə aksiyası ölkənin bütün bölgələrində, eləcə də, İmadəddin Nəsiminin doğulduğu Şamaxıda həyata keçiriləcək. Ən çox ağac isə hər birində 50 min ağac olmaqla Sabirabad və Saatlı rayonlarında əkiləcək. Acağ tingləri ərazinin iqlim şəraitinə uyğun bölünüb. Bu təşəbbüs iqlim dəyişmələrinin təsirlərinin azaldılmasına və təbiətin ekoloji cəhətdən sağlamlaşması istiqamətində böyük addım hesab olunur. Ekoloqlar deyirlər ki, əkilən ağaclar sonrakı dövrdə hər il 2,6 min ton karbon qazının udulmasına səbəb olacaq.

Xatırladaq ki, Azərbaycan deqradasiyaya uğramış torpaqlarda meşə landşaftının bərpasını nəzərdə tutan Bonn çağırışına da qoşulub. 2030-cu ilədək 270 min hektar meşə ərazisini bərpa etmək öhdəliyi götürüb. 650 min ağacın əkilməsi ilə Azərbaycan Bonn çağırışına da töhfə vermiş olacaq.


Create Account



Log In Your Account