Apr 27 2019 18:28
Views: 379

Azərbaycan Çinin təşəbbüskarı olduğu “Bir kəmər, bir yol” layihəsinin keçdiyi ölkələr sırasında bu yola ən çox dəyər qatan ölkələrdəndir. Layihənin əhəmiyyətini şərh edən ekspertlər bu fikirdədir. Millət vəkili, iqtisadçı Tahir Mirkişili deyir ki, Azərbaycan hər zaman bu layihəni dəstəkləyib və bu istiqamətdə fəaliyyət göstərib.

Bu gün Azərbaycanla Çin arasında əlaqələr dinamik inkişaf edir. Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Eyni zamanda Cənubi Qafqazda bütün ticarət dövriyyəsinin 43 %-i ölkəmizin payına düşür. İndiyə qədər Azərbaycan Çinə 1,7 milyard dollar həcmində investisiya qoyub, Çinin Azərbaycana yatırımlarının həcmi 800 milyon dollardır. Prezident İlham Əliyevin layihə ilə əlaqədar Çində keçirilən 2-ci beynəlxalq forumda iştirakı, bu forumda keçirdiyi görüşlər Azərbaycanın bu layihədə maraqlı və cəlbedici olduğunu bir daha sübut edir.

Ekspertlər hesab edir ki, Azərbaycanın tranzit mövqeyi və özünün iqtisadi imkanlarının yüksək olması ona bu layihədə xüsusi önəm qazandırır. Prezident İlham Əliyevin forumda iştirakı göstərir ki, bu layihə sayəsində Azərbaycan iqtisadiyyatını dünya iqtisadiyyatına inteqrasiya etməkdə maraqlıdır. Layihənin geosiyası əhəmiyyəti də yüksək qiymətləndirilir. Bu da ölkələr arasında siyasi münasibətlərin yaxınlaşmasına və bərabər hüquq prinsipləri əsasında fəaliyyət göstərməsinə imkan yaradacaq.

Qeyd edək ki, 2013-cü ildə Çin prezidentinin irəli sürdüyü Bir Kəmər Bir Yol təşəbbüsünün əsas məqsədi qədim İpək Yolunun yenidən dirçəldilməsi, təşəbbüsə qoşulan ölkələr arasında ticarət-iqtisadi əlaqələri genişləndirmək, yeni sərmayə qoyuluşu və infrastruktur layihələrini təşviq etməkdir. Layihə dünyanın 65 ölkəsini əhatə edir. 21 trilyon dollar həcmində qiymətləndirilən layihə dünya əhalisinin 63 faizini birləşdirəcək.  eyni zamanda təşəbbüsün əsas məqsədlərindən biri ölkələr arasında humanitar münasibətlərin, mədəni əlaqələrin inkişafıdır. Elə Pekində, ikinci Bir Kəmər Bir Yol beynəlxalq əməkdaşlıq forumunun keçirildiyi konqres mərkəzinin qarşısında quraşdırılan körpü də məhz bunun rəmzidir. “İpək Yolu üzərində qızıl körpü” adlanan heykəl İpək yolu boyunca yaşayan xalqların min illər əvvəl olduğu kimi yenidən bir-biri ilə sıx əməkdaşlıq etməsini simvolizə edir.  


Create Account



Log In Your Account