Dec 11 2018 18:36
Views: 1010

Birdəfəlik müavinət alan şəhid ailələrindən biri də Əliyevlər ailəsidir.  Bu ailənin kiçik oğlu Emin Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Daxili qoşunların tərkibində Ağdam-Ağdərə istiqamətində vuruşan Emin strateji əhəmiyyətli yüksəkliklərin ələ keçirilməsində şücaətinə görə dəfələrlə təşəkkürnamə alıb. 1993-cü il iyunun 12-də şəhid olub.  Anası İbadət Əliyeva deyir ki, oğlu torpağa çox bağlı idi. Ölümündən sonra xatirəsi vaxtilə təhsil aldığı Buzovna qəsəbəsində yerləşən 234 saylı məktəbə verilməklə əbədiləşib. Məktəbin qarşısında büstü qoyulan şəhidin hər il anım mərasimləri keçirilir.

Bu il Emin Əliyevin şəhid olmasından 25 il ötür. Birdəfəlik müavinətin alınması üçün müraciət edən şəhid ailələrindən biri olan Əliyevlər də qısa zamanda sənədlərini hazırlayıb Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyinə təqdim edib. Müsbət cavab alan şəhid anası bunu dövlətin dəstəyi və qayğısının göstərici kimi qiymətləndirir. İbadət xanım aldığı müavinəti xərcləyəcəyi istiqamət də şəhid oğlunun adı ilə rəmzi olaraq bağlıdır.

İndiyədək hərbi qulluqçuların 1500-dən çox vərəsəsinə birdəfəlik müavinətlərin verilməsi haqqında qərar qəbul edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ümumilikdə  9500-dən artıq şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulub. Bunun üçün 2018-ci ilin dövlət büdcəsindən 58 milyon, 2019-cu ilin büdcəsindən 50 milyon manat ayrılıb. Birdəfəlik müavinətlərin verilməsi prosesi nazirliyin prezident İlham Əliyevin sərəncamına əsasən hazırladığı qaydalara əsasən həyata keçirilir.

Qeyd edək ki, birdəfəlik müavinət alınması haqda qərar verilən şəhidlərin sayı 1200-dən artıqdır. Bundan başqa şəhid ailələrinin və əlilliyi olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə bu il 6 min 63 mənzilin verilməsi haqqında qərar verilib və indiyədək 5 min 600 şəhid ailəsi və Qarabağ əlili mənzillərlə təmin olunub.

Bundan başqa, şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması məqsədilə onlara aylıq sosial müavinətlər ödənilir, övladları dövlət hesabına təhsil alır, istirahət göndərişləri ilə təmin olunur. 2018-ci ildə özünəməşğulluq proqramına qoşulan şəhid ailəsinin sayı isə 158 olub. 


Create Account



Log In Your Account