Apr 04 2019 14:04
Views: 273

Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Aprel döyüşlərinin qaziləri ilə görüşüb, onlarla söhbət edib.  Söhbət zamanı Birinci vitse-prezident vətənpərvər övladlarımızın qəhrəmanlığını, şücaətini yüksək dəyərləndirdiyini, hər zaman onlara dəstək olacağını vurğulayıb. Bildirib ki, onlar hər bir insan üçün çox dəyərli olan sağlamlığını Vətən, torpaq yolunda qurban verib. Azərbaycan uğrunda, həyatlarını qurban verməyə hazır olublar. 

Mehriban Əliyeva aprel döyüşləri zamanı sağlamlığını itirən qazilərin yüksək texnologiyalı protezlərlə təmin edildiyini bildirərək, bundan sonra da Heydər Əliyev Fondunun onlara diqqət və qayğısının davam edəcəyini deyib. Bildirib ki, bütün bunları şəxsən diqqətə saxlayacaq.

Hərbçilər göstərdiyi diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirib. 2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu 2016-cı il Aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabitlə görüşlər keçirib, onlara fərdi yanaşma tətbiq olunub. Heydər Əliyev Mərkəzində protezlərlə təmin olunmuş hərbçilərlə keçirilən görüşdə Birinci vitse-prezidentin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, artıq bu layihənin ikinci mərhələsi yekunlaşıb. Ötən 3 il ərzində 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub. Bugünkü görüşün üç il bundan əvvəlki Aprel döyüşlərinə, ordumuzun qələbə gününə təsadüf etdiyini deyən Anar Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın görüş iştirakçılarına müraciətini oxuyub.


Create Account



Log In Your Account