Jan 12 2019 19:26
Views: 815

Azərbaycan və Rusiya arasındakı yüksək səviyyəli əlaqələrin mövcudluğu və strateji tərəfdaşlığın inkişafı müəyyən dairələri narahat edir. Bunu Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni əsilli Rusiya Federasiyası  vətəndaşlarının Azərbaycan ərazisinə buraxılmaması ilə bağlı açıqlamasını CBC-yə şərh edərkən deyib. 
Hikmət Hacıyev əlavə edib ki, bu cür səylərə baxmayaraq, Azərbaycan Rusiya əlaqələri ölkə başçılarının siyasi iradəsinə uyğun olaraq bundan sonra da uğurla inkişaf edəcək. 
Məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində də münasibət bildirilib. Nazirliyin sözçüsü Leyla Abdullayeva təəssüflə qeyd edib ki, Mariya Zaxarova bundan əvvəl də ikitərəfli strateji münasibətlərin ruhuna zidd olan bəyanatlarla çıxış edib.
«Azərbaycan-Rusiya əlaqələrinin inkişafı fonunda Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmisinin sözügedən bəyanatı və hansısa fərdi məsələni ümumi kontekstdən çıxardaraq şişirtmə cəhdləri qeyd etdiyimiz ümumu tendensiyanın növbəti təzahürüdür. Görünür ki, son vaxtlar Ermənistan-Rusiya əlaqələrində ciddi problemlərin yaranması və bunun əksinə olaraq Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir”. 
Leyla Abdullayeva bir daha qeyd edib ki, Azərbaycan hər zaman Rusiya Federasiyasının vətəndaşları üçün açıqdır. Təkcə elə ötən il 880 min Rusiya vətəndaşı Azərbaycanda səfərdə olub. Onlar arasında erməni əsilli Rusiya vətəndaşları da olub və heç bir problem müşahidə edilməyib. Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzi, çoxmillətli dövlət kimi tanınır. Hazırda ölkəmizdə 30 mindən çox erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. Ermənistan isə monoetnik dövlətdir. Bütün bunların müqabilində, Azərbaycan barəsində sözügedən açıqlama həqiqəti əks etdirmir. 
“Rusiya Federasiyasının XİN mətbuat katibi bəyan edib ki, “Azərbaycan tərəfi söz verib ki, bu vəziyyəti düzəldəcəkdir”. Biz bunu qətiyyətlə təkzib edirik. Azərbaycan-Rusiya münasibətləri bərabərhüquqlu əlaqələrdir və “vəziyyəti düzəldəcəklər” ifadəsi ikitərəfli münasibətlərin mahiyyətinə ziddir. Əminik ki, Rusiya XİN-in mətbuat katibinin növbəti təxribat xarakterli və anti-Azərbaycan bəyanatı Azərbaycan-Rusiya əlaqələrinə mənfi təsir göstərməyəcək”. 
Bir daha qeyd olunub ki, bu cür bəyanatlar Azərbaycan VƏ Rusiya arasındakı yüksək səviyyəli münasibətlərə xələlə gətirə bilməz. Və bu əlaqələr hər iki ölkənin prezidentlərinin iradəsinə uyğun olaraq daha da inkişaf edəcək.


Create Account



Log In Your Account