Mar 19 2019 14:59
Views: 318

Novruz bayramına sayılı saatlar qalıb. Baharın müjdəçisi olan Novruzun 3 çərşənbəsi – “Su”, “Od” və “Yel” çərşənbələrini artıq yola salmışıq. Bu gün Novruz çərşənbələrinin sonuncusudur. Xalq arasında “İlaxır”, “Torpaq” və “Yer” çərşənbəsi kimi tanınır. İnanca görə, “Torpaq çərşənbəsi” yetişəndə yer oyanır, torpaq nəfəs alır. Məhz bu gündən torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Hələ qədim zamanlardan ölkəmizdə “İlaxır çərşənbə” xüsusi təmtəraqla qeyd olunub. Bu bayram Azərbaycan xalqının tarixi kökü ilə bağlı olduğundan bayram axşamı açılan süfrədə milli təamlara, şirniyyatlara önəm verilib. 

“İlaxır çərşənbə” bir çox bölgələrdə bayramdan daha təntənəli qeyd olunur. Axşam tonqallar qalanır, xonçalar qurulur, plov dəmlənir, evdəki insanların sayına görə şam yandırılır. Eyni zamanda dünyasını dəyişən insanlar yad edilir. Bu gün həm də küsülülər barışır, kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək savab hesab edilir.

“İlaxır çərşənbə”də bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Qonşulara qulaq falına çıxır, qapılara papaq atılır. Elə buna görə də bu axşam yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

 


Create Account



Log In Your Account