Jan 17 2019 15:15
Views: 462

Parisdə Azərbaycanin xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici siyasət idarələri rəhbərlərinin Parisdə keçirilən görüşü barədə bəyanat yayıb.

ATƏT-in Minsk qrupu həmsədlərinin bəyanatında bildirilir ki, həmsədrlər XİN rəhbərləri ilə əvvəlcə ayrıca, sonra isə birgə görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib. Fransanın xarici işlər və Avropa üzrə dövlət katibi Jan-Batist Lemuan iştirakçılarla danışıqlara yekun vurub. Həmsədrlər Yelisey sarayında qəbul ediliblər, orada prezident Emmanuel Makronun aparıcı diplomatik müşavirlərini məlumatlandırıblar. İştirakçılar nəticəyə hesablanmış intensiv danışıqlara imkan verən şəraitin dəstəklənməsi üzrə tərəflərin daimi səylərinə görə nazirlərə təşəkkürlərini bildiriblər.

“Nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə ediblər və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılması zəruriliyi barədə razılığa gəliblər. Görüşlər zamanı həmsədrlər nazirlərlə danışıqlar prosesinin hazırkı mərhələsi üçün əsas prinsip və ölçüləri nəzərdən keçiriblər", - deyə bəyanatda bildirilir.

Ekspertlər hesab edir ki, danışıqların nəticələrinə dair bəyanatlarda müsbət mesajların olması təqdirəlayiqdir. Lakin Ermənistan həqiqətən münaqişənin həllini istəyirsə, konkret addımlar atılmalıdır.

Həmsədrlərin bəyanatında qeyd olunur ki, nazirlər və həmsədrlər danışıqlar prosesinə güclü müsbət dinamika vermək üçün Azərbaycan və Ermənistan liderləri arasında mümkün sammitin keçirilməsi istiqamətində növbəti addımların atılması məsələsini nəzərdən keçiriblər. Ekspertlərin fikrincə, son dövrlər danışıqlarda müsbət dinamika müşahidə olunsa da, real və praktiki addımlar atılmalıdır.

Həmsədrlər regionun iqtisadi potensialının reallaşdırılması istiqamətində mümkün qarşılıqlı faydalı təşəbbüslərin mühüm olduğunu qeyd ediblər. Həmsədrlər yaxın vaxtlarda iki ölkə lideri ilə görüşməyi planlaşdırırlar. Ekspertlərin fikrincə, danışıqların növbəti mərhələsində prosesə daha çox aydınlıq gələ bilər.

Azərbaycan Xarici İşlər Nazirliyi də görüşü şərh edib. Nazirliyin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla, faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər" – Leyla Abdullayeva belə deyib.

Qeyd edək ki, Parisdə baş tutan bu görüş Ermənistanda hakimiyyət dəyişikliyindən sonra iki ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri arasında keçirilən 4-cü görüşdür.

 


Create Account



Log In Your Account