Jan 21 2019 16:02
Views: 391

Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə müəssisəsi olan “SOCAR Turkey Energy” 2019-cu ildə bu ölkədə yeni neft-kimya kompleksinin inşası məqsədilə layihənin reallaşdırılmasına başlayacaq. Bu barədə şirkətin baş direktoru Zaur Qəhrəmanov CBC-yə açıqlamasında məlumat verib. Cari ildə SOCAR-ın Türkiyədəki digər layihələrində də əhəmiyyətli işlər görüləcək.

Bu il ərzində SOCAR Türkiyədə Əliağa yarımadasındakı xüsusi iqtisadi zonada yeni neft-kimya kompleksinin inşası layihəsinə başlamağı nəzərdə tutur. Bu işlər BP və “SOCAR” arasında imzalanmış Türkiyədə yeni kompleksin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsipləri əsasında görüləcək. Bu, yalnız SOCAR-ın Türkiyə bazarında payının artmasına səbəb olmayacaq, eyni zamanda Türkiyənin neft-kimya məhsulları idxalını və ölkənin xarici ticarət kəsini azaldacaq. SOCAR Türkiyənin baş direktoru Zaur Qəhrəmanov CBC-yə açıqlamasında bildirib ki, Türkiyə tərəfi bu layihədə iştiraka çox maraq göstərir.

İndi Aliağa yarımadasındakı sənaye zonasında SOCAR Türkiyəyə məxsus 2 iri müəssisə fəaliyyət göstərir. Bunlar STAR neft emalı zavodu və Petkim neft-kimya kompleksidir. 2018-ci ilin oktyabrında istifadəyə verilən Star neft emalı zavodu Azəri Layt, Kərkuk və Urals kimi neft növlərinin emalına hesablanıb. Zavodun əsas funksiyalarından biri Petkim-i xammala təmin etməkdir ki, öz növbəsində neft-kimya kompleksi Aralıq dənizi bazarına çıxa bilsin. Buna görə, ilin əvvəlindən STAR ilk məhsullarını Petkimə  tədarük etməyə başlayacaq.

Petkim-ə gəlincə, Zaur Qəhrəmanov bildirib ki, hər il müəssisənin inkişafına və kapital xərcləri üçün təxminən 100 milyon dollar sərmayə qoyuluşu həyata keçirilir. Bundan başqa daxili imkanlar hesabına neft və neft məhsulları saxlanması üçün rezervuar parkının inkişafına başlanıb. Bu işlər 2019-cu il ərzində tamamlanacaq. Bundan başqa SOCAR Türkiyə İstanbulun eyniadlı yeni hava limanında 9 yeni yanacaqdoldurma stansiyası açacaq. Bunlardan biri artıq test rejimində fəaliyyətə başlayıb. Bu, SOCAR brendi altında Türkiyədə açılan ilk stansiyadır. SOCAR STAR neft emalı zavodunun məhsullarının satışı üçün Türkiyədə pərakəndə satış şəbəkəsi əldə etmək niyyətindədir.

Qeyd edək ki, SOCAR-ın Türkiyədəki törəmə müəssisəsi SOCAR Türkiyə bu ölkədə konteyner terminalı, elektrik stansiyası da inşa edib, eyni zamanda daxili bazara qaz tədarükü ilə məşğuldur. SOCAR Türkiye TANAP qaz kəmərində paya malikdir. Zaur Qəhrəmanov bildirib ki, 2019-cu il ərzində TANAP-la Türkiyəyə 2 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Tədricən bu həcm ildə 6 milyard kubmetrə qədər artırılacaq.


Create Account



Log In Your Account