Sep 27 2019 15:08
Views: 296

Beynəlxalq Valyuta Fondunun son hesabatının Azərbaycan üçün əsas əhəmiyyəti ondan ibarətdir ki, fond bu islahatlara daha çox maliyyə dayanıqlığı perspektivindən yanaşır.  Bu sözləri CBC-yə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Anar Kərimov BVF-nin son hesabatını şərh edərkən bildirib ki, bu tip hesabatlar həm də gələcəkdə hansı istiqamətdə islahat aparmağın zəruri olduğunu göstərir.

BVF-nin hesabatının önəmindən danışarkən Anar Kərimov iqtisadi inkişafla yanaşı, bir sıra iqtisadi göstəricilərin də müsbət qiymətləndirildiyini deyib. Əmək müqavilələrinin sayında müşahidə olunan artım haqda danışan nazir müavini bunun həm də rəqabətliliyə öz müsbət təsirini göstərəcəyini deyib.

Anar Kərimov əmək haqqı fondunun təqribən 24 faizə yaxın artımını, növbəti illər ərzində iqtisadi inkişafın 2 faizdən çox olacağını deyib. Nazir müavini inflyasiya səviyyəsinin də müasir iqtisadiyyatın normaları çərçivəsində olacağını qeyd edib.

Qeyd edək ki, BVF-nin sentyabrda açıqladığı hesabatında Azərbaycanda yerinə yetirilən islahatlar yüksək qiymətləndirilib. Hesabat müəllifləri ölkədə biznes mühitinin yaxşılaşdırılması sahəsində irəliləyişləri alqışlayıb. Fond Azərbaycanda iqtisadiyyatın diversifikasiyasını stimullaşdırmaq, özəl sektoru inkişaf etdirmək və hərtərəfli iqtisadi artımı təmin etmək üçün struktur islahatlarını xüsusi qeyd edib.


Create Account



Log In Your Account