May 09 2018 14:14
Views: 449

İkinci Dünya müharibəsi 1939-cu il sentyabrın 1-də faşist Almaniyasının Polşanı işğal etməsi ilə başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası keçmiş Sovet İttifaqına hücum edib. Bununla SSRİ üçün Böyük Vətən Müharibəsi başlayıb və Azərbaycan da müharibəyə qoşulmuş olub.  Azərbaycan faşizm üzərində tarixi qələbəyə mühüm töhfələr verib. Cəbhəyə 600 mindən çox azərbaycanlı yollanıb ki, onların təxminən yarısı döyüş meydanlarında həlak olub. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib.
Bütün bunlarla yanaşı qələbənin əldə olunmasında Bakı neftinin rolu danılmazdır. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində rekord həcmdə - 23,5 milyon ton neft istehsal olunub və bu, həmin vaxt SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib.
Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Tarixi faktlara görə, 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçan 7 min hərbi təyyarənin yanacaq təchizatını təmin edib.  Böyük Vətən Müharibəsi 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi ilə başa çatıb.


Create Account



Log In Your Account