Sep 01 2018 16:07
Views: 503

Bu divarlar ilk sahibinin xatirəsini yaşadır. Hacı Zeynalabdin Tağıyevin mülkü bu gün muzey kimi istifadə olunur. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində bu bina Bakının ən möhtəşəm tikililərindən biri idi. Onun iş otağı belə görünürdü. Hacı Zeynalabdin iş otağında bənna olarkən istifadə etdiyi baltanı saxlayırdı – keçmişini, haradan gəldiyini həmişə xatırlamaq üçün. Tağıyev 10 yaşından işləməyə başlayıb. Əvvəlcə bənna şagirdi, 15 yaşında  bənna, daha sonra podratçı olub.  Neft bumu zamanında isə iki şəriki ilə birlikdə Bibiheybətdə  torpaq icarəyə götürür. Nə qədər quyu qazsalar da,  neft çıxmır ki, çıxmır. Şərikləri öz paylarını satır və Zeynalabdin torpağın tək sahibinə çevrilir.  O, inadkarlıqla  qazma işlərinə  davam edir.  Nəhayət quyu fontan vurur.  Kasıb başmaqçı Tağının oğlu - palçıq daşıyan  Zeynalabdin bir anda  milyonçu Tağıyevə çevrilir. Sonralar isə əlində olan kapitalı başqa sahələrə yönəldir.
Hacı Zeynalabdin  gəlirinin xeyli hissəsini  xeyriyyəçiliyə, doğma şəhərinin  inkişafına və  abadlaşdırılmasına  sərf edir,  istedadlı gəncləri xaricdə təhsil almağa göndərir, sənət adamlarına sponsorluq edirdi.  Bakıda  müsəlman Şərqində ilk dünyəvi qız məktəbini açması onu zəmanəsinin ən mütərəqqi insanlarından biri olduğunu təsdiqləyir.  Məktəbin açılmasına icazə almaq üçün Hacı çariça Aleksandra Fyodorovnaya qiymətli hədiyyə bağışlayıb və məktəbə onun adının verilməsini təklif edib. Da Bay  adlı bir fransız  Parisdə  nəşr olunmuş kitabında  Bakıda  müsəlman qız məktəbinin açılmasını  ağlasığmaz möcüzə adlandırmışdı. Tağıyev daha sonra Mərdəkanda bağçılıq məktəbi açıb. Bakıda teatr binası tikdirib.  Azərbaycanda bu gün də nəşr olunan “Kaspi” qəzeti məhz Hacı Zeylabdinin vəsaiti ilə çap olunub.
Dəmir yolunun, su xəttinin çəkilməsi,  yanğından mühafizə xidmətinin  yaradılması da məhz onun adı ilə bağlıdır. İnanclı insan olan Hacı Zeynalabdin nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da məscid və mədrəsələr inşa etdirib. O Bakı Xeyriyyə Cəmiyyətinin fəxri sədri idi. Çar Rusiyası tərəfindən bir sıra yüksək rütbə və mükafatlara layiq görülmüşdü.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra messenatın bütün əmlakı dövlət mülkiyyətinə verilir. Hacı Zeynalabdin ömrünün son günlərini Bakının kənarında balaca bir komada keçirir. Sovet hakimiyyəti illərində onun adının tarixdən silməyə cəhd etsələr də bu mümkün olmur. Hacı Zeylabdin Tağıyevin adı xalqın yaddaşında xeyirxah və nəcib insan kimi qalır.


Create Account



Log In Your Account