Feb 13 2018 18:35
Views: 279

Bundan sonra İnsan Hüquqları üzrə Avropa məhkəməsinə Azərbaycandan seçilmiş hakimin statusu Azərbaycan Konstitusiya Məhkəməsinin hakiminin statusuna bərabər tutulacaq. Bu gün Milli Məclisin plenar iclasında “Konstitusiya Məhkəməsi haqqında” qanununa bu barədə dəyişiklik qəbul edildi.
Milli Məclis üzvləri Ramiz Rzayevin yenidən Azərbaycan Ali Məhkəməsinin hakimi, Qasım Əliyevin isə Naxçıvan Ali Məhkəməsinin hakimi vəzifəsinə təyinatını təsdiqlədilər. bundan sonra bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzə müzakirəyə çıxarıldı. Hesabatı təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirdi ki, il ərzində 65 minə yaxın bələdiyyə aktı nəzərdən keçirilib, onlardan 97 faizi qanunauyğun hesab edilib. Deputatlar isə hələ də bu qurumun işinin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirdilər. Gündəliyə daxil edilən məsələlər arasında “Ələt iqtisadi zonası haqqında” yeni qanun layihəsi daha çox müzakirələrə səbəb oldu. Qanun layihəsi 5 fəsil, 30 maddədən ibarətdir. Burada Azərbaycana xarici investorları cəlb etmək üçün xeyli vergi güzəştləri nəzərdə tutulub
Müzakirə zamanı Ələt iqtisadi zonası ilə bağlı yaranan mübahisələrin yerli məhkəmədə həll olunmaması məsələsilə bağlı müxtəlif fikirlər səsləndi. Qeyd olundu ki, xarici sahibkarlar üçün cəlbedici təkliflər olmalıdı. Lakin Azərbaycan vətəndaşlarının fundamental hüquq və azadlıqları pozula bilməz. Bu, Azərbaycan Konstitusiyasının da əsas tələblərindən biridir.
Deputatlar Ələt iqtisadi zonasında işləyəcək sahibkarlar üçün digər güzəştlərin tətbiqini də mümkün saydılar. Məsələn, təklif olundu ki, burada məhsul istehsal edib onu Azərbaycana idxal edənlər üçün daha aşağı gömrük rüsumu tətbiq edilə bilər. Ələt İqtisadi Zonasının adının dəyişdirilib Qaradağ iqtisadi zonası qoyulması fikri də səsləndi. Qanun layihəsi uzun müzakirələrdən sonra birinci oxunuşda qəbul edildi.


Create Account



Log In Your Account