Apr 17 2018 18:33
Views: 386

Azərbaycanda hərbi vəziyyət şəraitində medianın işi ilə bağlı qaydalara dəyişiklik edilir. Bununla bağlı Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə müzakirəyə çıxarıldı. Komitənin sədri Rafael Hüseynov bildirdi ki, təklif edilən əlavələrə görə, hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” qanuna müvafiq olaraq kütləvi informasiya vasitələrinin məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejimi tətbiq oluna bilər. Hərbi vəziyyətin qüvvədə olduğu müddətdə kütləvi informasiya vasitələrinin azadlığı müvəqqəti məhdudlaşdırıla bilər. Komitənin iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna da dəyişiklik edildi. Bundan sonra yalnız müharibə və fövqəladə hallarda yox, həm də hərbi vəziyyət durumunda daşınar mədəni abidələr döyüş zonasından köçürülməlidir.
 “Hərbi vəziyyət haqqında” qanuna edilən dəyişikliklərlə əlaqədar digər qanunlara da uyğunlaşmalar təsdiqləndi. Bundan başqa Mədəniyyət komitəsinin üzvləri televiziyada reklamın verilməsi şərtlərinə də dəyişiklikləri müzakirə etdilər. Həmçinin Azərbaycan folklor nümunələrinin hüquqi qorunması haqqında qanuna əlavələr də müzakirəyə çıxarılaraq təsdiqləndi. Gündəlikdəki qanun layihələrinin hamısı plenar iclasa tövsiyə olundu.


Create Account



Log In Your Account