Jun 28 2019 19:09
Views: 213

"Azərkosmos"un və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə tələbələr arasında “CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsi keçirilir. Bu ilin əvvəlindən elan edilən müsabiqədə 15 universitetindən 38 komanda qeydiyyatdan keçib. Paxtaxt universitetləri ilə yanaşı, builki müsabiqədə Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti də iştirak edib. Komandaların üzvləri əsasən riyaziyyat, fizika, mexanika və kompüter mühəndisliyi, aerodinamika, proseslərin avtomatlaşdırılması, eləcə də digər texniki ixtisaslar üzrə təhsil alırlar. Final mərhələsində 11 universiteti təmsil edən 13 komanda iştirak edir.  
Qalibi münsiflər heyəti seçəcək. Münsiflər heyətinin sədri Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şuranın elmi məsləhətçisi, fizika-riyaziyyat elmləri doktoru, Merilend Universitetinin professoru,  ADA Universitetində və Aviasiya Akadamiyasında dərs deyən akademik Roald Saqdeyevdir.
“CanSat” layihəsinin tarixi böyükdür. ABŞ-da, ələlxüsus NASA da gənc kadrların yetişdirilməsinə böyük diqqət ayrılır. Gənclərin kosmik araşdırmalara marağını artırmaq üçün görülən işlərdən biri də müsabiqələr təşlik etməkdir. “Azərkosmos” artıq 2-ci dəfədir ki, belə bir tədbir təşkil edir. Peyklərin kiçik modelləri raket vasitəsilə havaya qaldırılır. Peyklər 1 km-ə yaxın hündürlüyə qalxmalı, daha sonra düşərkən peykin ətrafında olan havanın temperaturu və təzyiqi barədə informasiyanı eləcə də əldə etdiyi təsviri  komanda üzvlərinə ötürməlidir.
Final mərhələsi iki gün ərzində qalibləri müəyyən edəcək. “Peyk modellərinin uçuş sonrası hesabatı”nın təqdim olunması mərhələsində komandaları  yerli və beynəlxalq üzvlərdən ibarət münsiflər heyəti qiymətləndirəcək.

 


Create Account



Log In Your Account