Sep 15 2018 18:14
Views: 607

Sentyabrın 14-də axşam saatlarından başlayaraq sentyabrın 15-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, düşmən tərəfi xüsusilə Tovuz rayonunun Muncuqlu, Koxanəbi, Əsrik Cırdaxan və Qaralar kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini və dinc sakinləri atəşə tutub. Hərbi qulluqçular və əhali arasında xəsarət alan olmayıb. Bəzi evlərə, sakinlərin əmlakına və mülki infrastruktura ziyan dəyib.
Ermənistan tərəfinin bu cür təxribat əməlləri həmişə olduğu kimi Azərbaycanda əlamətdar hadisələr, bayram günləri ərəfəsində törətməsi məqsədyönlü xarakter daşıyır. Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təcili cavab tədbirləri nəticəsində düşmənin aktivliyinin qarşısı alınıb, düşmən tərəfində baş verən itkilər və dağıntıya görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. 
Politoloq Elşad Mirbəşiroğlu bildirir ki, Ermənistanın dinc sakinləri atəşə tutması birbaşa olaraq beynəlxalq humanitar hüququn pozulmasıdır.
Hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Ermənistan tərəfinin Azərbaycanda əlamətdar günlərdə, bayramlarda belə təxribatlar törətməsi təsadüfi deyil. Bu, məqsədyönlü şəkildə atılmış addımdır.
Azərbaycanın Xarici İşlər Nazirliyi də Ermənistanın təxribatı ilə bağlı bəyanat verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, ölkə daxilində ciddi problemlərlə və hakimiyyət davası ilə üzləşən Ermənistanın rəhbərliyi siyasi demaqogiya və hərbi təxribatlara əl ataraq, odla oynamaqda davam edir və vəziyyətin qəsdən gərginləşdirilməsinə çalışır. 
“Ermənistan silahlı qüvvələri müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribatlar törədib. Ermənistan-Azərbaycan sərhədi boyunca Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqeləri və dinc sakinlər ağır silahlardan atəşə tutulub, sakinlərin əmlakına və mülki infrastruktura ziyan vurulub.
Mənəvi və beynəlxalq humanitar hüquq normalarına ziddi şəkildə mülki insanların və obyektlərin qəsdən hədəfə alınması Ermənistan silahlı qüvvələri üçün ənənəvi xarakter daşıyır və asimmetrik taktika olaraq döyüş hazırlığının tərkibinə daxil edilib. 2016-cı ilin aprelində də Ermənistanın qəsdən və hədəflənmiş şəkildə qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisini ağır silahlardan atəşə tutması vəziyyətin gərginləşməsinə və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan silahlı qüvvələri tərəfindən əks-həmlə tədbirlərinin görülməsinə səbəb oldu.
Ölkə daxilində ciddi problemlərlə və hakimiyyət davası ilə üzləşən Ermənistanın rəhbərliyi siyasi demaqogiya və hərbi təxribatlara əl ataraq, odla oynamaqda davam edir və vəziyyətin qəsdən gərginləşdirilməsinə çalışır. Ermənistan silahlı qüvvələrinin siralarında olan “keçmiş qvardiyaçılar” da vəziyyətin gərginləşdirilməsi üçün təhrikçi rol oynamaqda davam edirlər.
Ermənistan rəhbərliyi nəhayət reallığı dərk etməlidir ki, Azərbaycan vəziyyətin daim bugünkü formada davam etməsinə heç vaxt imkan verməyəcək".
H.Hacıyev bir daha qeyd edir ki, Azərbaycanın BMT Nizamnaməsi əsasında ayrılmaz hüquqlarında istifadə edərək atmalı olacağı addımların məsuliyyəti isə tam şəkildə Ermənistanın üzərinə düşəcək.    

 


Create Account



Log In Your Account