Feb 13 2019 14:13
Views: 450

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb.İnstitutun direktor müavini Aygün Bağırova CBC-yə müsahibəsində bildirib ki, ədibin doğum günü fevral ayına təsadüf etdiyindən məhz bu ayda Cəlil Məmmədquluzadə həftəsi keçiriləcək. Eyni zamanda dramaturqun əsərlərindən ibarət kitab özbək dilində Daşkənddə çap olunacaq. İndiyədək akademik İsa Həbibbəylinin rəhbərliyi ilə ədibin əsərləri ərəb, gürcü, ingilis dillərinə tərcümə olunub.

İnstitunun əməkdaşı Elxan Nəcəfov Cəlil Məmmədquluzadənin yubileyinin keçirilməsi ilə əlaqədar onun haqqında kitab hazırlayır. Nəşrdə dahi ədib haqqında indiyədək yazılan məqalələr, ədəbiyyat xadimlərinin esseləri, xatirələri yer alacaq. Cəlil Məmmədquluzadə yaradıcılığı ilə bağlı indiyədək xarici dillərdə yazılmış məqalələr də kitaba daxil ediləcək.

1869-cu il fevralın 22-də Naxçıvan şəhərində anadan olan Cəlil Məmmədquluzadə ilk təhsilini mollaxanada alıb. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirib. 10 il İrəvan quberniyasının kəndlərində müəllim işləyib. İlk əsəri 1889-cu ildə yazdığı "Çay dəstgahı" alleqorik mənzum dramı olub. "Danabaş kəndinin əhvalatları" povestini də bu dövrdə yazıb. 1903-cü ildən Tbilisidə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında işləməsi yazıçı və jurnalist kimi formalaşmasında mühüm rol oynayıb.

Cəlil Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı”, Anamın kitabı” kimi əsərləri Azərbaycan milli dramaturgiyasının qızıl fonduna daxildir. Onun dram yaradıcılığı milli teatrın inkişafına da təsir göstərib. Kinomatoqrafiyanın inkişafında da onun əsərləri əsasında çəkilən filmlər mühüm rol oynayıb. 

Mirzə Cəlilin yaradıcılığının mühüm hissəsini publisistik fəaliyyəti təşkil edir. 1906-cı ildə ilk sayı çap olunan Molla Nəsrəddin jurnalında Mirzə Cəlil Mirzə Ələkbər Sabir, Əbdürrəhman bəy Haqverdiyev, Əliqulu Qəmküsar kimi o dövrün tanınmış ziyalılarını ətrafına toplamağı bacarıb. Cəlil Məmmədquluzadə 25 il ərzində müxtəlif fasilələrlə Tiflisdə, Bakıda və Təbrizdə nəşr olunan bu jurnalın həm yaradıcısı, həm də redaktoru olub.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun publisistika şöbəsi  uzun illərdir ki,  “Molla Nəsrəddin” ensiklopediyası üzərində çalışır və bu il  onun da nəşri nəzərdə tutulub. Prezident İlham Əliyev yanvarın 17-də Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

 


Create Account



Log In Your Account