May 23 2019 17:33
Views: 415

Azərbaycan Tibb Universitetində Azərbaycanda Əcnəbi Tələbə Gənclərin III Ümumrespublika Forumu keçirilib. “Biz birlikdə güclüyük” devizi altında keçirilən forumun əsas məqsədi Azərbaycanda təhsil alan əcnəbi tələbələrin vahid şəbəkəsini yaradaraq Bakı Beynəlxalq Tələbə Klubunun platformasında onları daha da möhkəmləndirməkdir. Forum təşkilatlçıları əcnəbi tələbələri bir araya gətirməklə onların təşəbbüslərinə dəstək vermək, həmçinin problemlərinin həllinə yardımçı olmağı hədəfləyirlər.

Forumda çıxış edən Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli əcnəbi tələbələrin 3-cü forumunun Azərbaycanda Tibb fakültəsinin yaranmasının 100 illik yubileyinə təsadüf etdiyini bildirib. Qeyd edib ki, tibb universitetində hələ ötən əsrin 70-ci illəriindən əcnəbi tələbələr təhsil alıb. İndi isə tibb Universitetində 32  fərqli ölkədən 2000-ə yaxın tələbə təhsil alır. Forum iştirakçıları isə bu tədbiri həmrəylik platforması kimi qiymətləndirirlər. Forumda yataqxana, təqaüd və təhsil xərcləri, tələbə kartına əlavə güzəştlərin olması, ikili diplomların tanınması, universitetlərarası mübadilə proqramlarında iştirak kimi aktual və maraqlı məsələlərə toxunulub.

Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən forumda 20-ə yaxın universitetdən, müxtəlif ölkələrin 400-ə yaxın vətəndaşı qatılıb. Bakı Beynəlxalq Tələbə Klubunun təşkilatçılığı ilə keçirilən III forumda həmçinin əcnəbi tələbələrin təmsil etdikləri ölkələrin mədəniyyət sərgisi də təşkil olunub. Burda müxtəlif xalqlara aid yeməklər, kiçik suvenirlər təqdim olunub. Sərgidə Azərbaycanda təhsil alan əcnəbi tələbələrin rəsm əsərləri də nümayiş olunub. 28 May Respublika Gününə həsr olunan forumda əcnəbi tələbələrin bədii proqramı bütövlükdə Azərbaycan, onun tarixi, mədəniyyətinə həsr edilib


Create Account



Log In Your Account