Jun 04 2020 18:26
Views: 312

Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu BP-dən SOCAR-a keçib. Bununla bağlı “BP Azerbaijan” və SOCAR-ın birgə məlumatında bildirilib. Qeyd olunub ki, artıq kəmərin texniki operatoru  SOCAR-ın törəmə müəssisəsi olan SOCAR Midstream Operations MMC-dir. Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri Cənub Qaz Dəhlizinin əsas hissələrindən biridir.

Texniki operatorluğun SOCAR-a keçməsi, Şahdəniz-2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələrinə dair yekun investisiya qərarı çərçivəsində 2013-cü ilin dekabrında imzalanmış Müqaviləyə uyğun olaraq həyata keçirilib. Müqavilədə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsinin başa çatmasının birinci ildönümündə SOCAR-ın kəmərin texniki operatoru olması nəzərdə tutulub.  Buna qədər SOCAR Cənubi Qafqaz Boru Kəmərinin kommersiya operatoru olub.

Texniki operatorluğun keçidi prosesinin bütün aspektlərinin səmərəli şəkildə yerinə yetirilməsi üçün SOCAR və bp 2020-ci il ərzində birgə işləməyə davam edəcəklər.

SOCAR prezidenti Rövnəq Abdullayev qeyd edib ki, kəmərin yeni texniki operatoru kimi şirkət boru kəmərinin texniki təhlükəsizlik, etibarlılıq və ətraf mühitin qorunması sahəsində yüksək səviyyəsini saxlamaq üçün uğurlu beynəlxalq təcrübəmizdən istifadə edəcək və bütün tərəfdaşlarla sıx işləyəcək. BP-nin   Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz layihələrin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsində SOCAR-ın böyük təcrübəsi olduğunu qeyd edib. bildirib ki, SOCAR bunu TANAP-ın dörd illik uğurlu tikintisi və onun ardınca təhlükəsiz istismarı zamanı nümayiş etdirib.


Create Account



Log In Your Account