Feb 19 2019 17:09
Views: 400

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının budəfəki iclasında Avropa Komissiyasının büdcə və kadr siyasəti üzrə komissarı Günter Ottinger, Cənub Qaz Dəhlizi layihəsinə cəlb edilmiş ölkələrdən -Türkiyənin, Bolqarıstan energetika nazirləri, Gürcüstan, İtaliyanın, Albaniyanın nazir müavinləri, eləcə də  Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin Baş katibi iştirak edəcək. Toplantıda ABŞ-ı Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk, Böyük Britaniyanı baş nazirin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson təmsil edəcək.

Bu il ilk dəfə olaraq Məşvərət Şurasının iclasına Serbiya, Macarıstan və San-Marino kimi ölkələr də qatılacaq. Mütəxəssislər bildirir ki, Dəhlizin iştirakçı ölkələri və şirkətlər arasında yüksək səviyyəli görüşün keçirilməsi layihənin reallaşmasına müsbət təsir edir. Bu, görülən işlərin koordinasiya edilməsinə və nəticədə qlobal infrastruktur layihəsinin vaxtında reallaşmasına zəmanət verir. SOCAR-ın ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, bu layihə Azərbaycanda həyata keçirilən uğurlu xarici siyasət nəticəsində mümkün olub.

Azərbaycan təşəbbüskarlıq edərək iki qitədən ölkələri layihəyə cəlb edib, dünyanın ən böyük enerji infrastrukturu layihəsi olan Cənub Qaz Dəhlizini reallaşdırmağı bacarıb.  Neft araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, artıq layihədə bir çox işlər tamamlandığı üçün bu dəfəki məşvərət şurasında müzakirə mövzuları fərqli olacaq.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Şahdəniz yatağından çıxan Azərbaycan qazını Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropaya çatdıracaq boru kəmərləri şəbəkəsidir. Dəhlizin tərkib hissəsi olan TANAP kəmərinin açılışı ötən ilin iyununda baş tutub, Türkiyəyə qaz nəqli başlayıb. Layihə çərçivəsində ildə 10 milyard kubmetr qazı Avropaya çatdıracaq TAP kəmərinin isə 2020-ci ildə hazır olması gözlənilir.

Xatırladaq ki, layihədə işlərin gedişinin koordinasiya edilməsi məqsədilə 2015-ci ildən indiyədək 4 dəfə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısı təşkil olunub. Bu il 5-ci dəfə keçiriləcək toplantı üç plenar sessiya üzrə davam edəcək. Birinci sessiyada Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılacaq. Komissar Günter Ottinger və energetika naziri Pərviz Şahbazovun moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada layihəyə cəlb edilmiş ölkələrin nazirlərinin çıxışları nəzərdə tutulub. Üçüncü plenar sessiya Cənub Qaz Dəhlizi layihəsinin birləşdirici kəmərlərlə genişləndirilməsi perspektivlərinə həsr olunub.Yekunda  “Birgə Bəyannamə” imzalanması nəzərdə tutulur.


Create Account



Log In Your Account