Mar 14 2019 14:30
Views: 546

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” artıq cəbhəyanı rayonlarda fəaliyyət göstərən sahibkarlara da xidmət göstərəcək. Martın 13-dən etibarən Yuxarı Qarabağ iqtisadi rayonu üzrə ilk “KOB Dostu” Füzuli rayonunda fəaliyyətə başlayıb. Mərkəzin açılış mərasimində çıxış edənlər qeyd ediblər ki, kiçik və orta biznesin inkişafı sahibkarlığın mühüm istiqamətlərindəndir və Füzuli rayonunda fəaliyyətə başlayan KOB Dostu bu sahədə önəmli dəstək mexanizmlərindəndir.

Füzuli rayonu ilə yanaşı, ətraf rayonlarda, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində fəaliyyət göstərən sahibkarların da “KOB Dostu” xidmətlərindən faydalanacaq. Füzulidə yaradılan KOB Dostu sayca 13-cüdür . Gələcəkdə bu şəbəkənin bütün ölkə ərazisini əhatə etməsi nəzərdə tutulur. “KOB Dostu” sahibkarlıq fəaliyyətinin bütün mərhələlərində KOB-lara dəstək olur, onların təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafı, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir. Tədbir çərçivəsində “KOB Dostu” ilə bağlı təqdimat keçirilib, fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə məlumat verilib, sahibkarların sualları cavablandırılıb. Sonra tədbir iştirakçıları Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində yerləşən “KOB Dostu”nun ofisi ilə tanış olublar.

Dünən həm də İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı Səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış yeni müəssisələr istifadəyə verilib. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının yeni həyat bəxş etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyata keçirilən birgə layihələrin Azərbaycan-Türkiyə dostluğunun daha bir nümunəsi olduğunu qeyd edib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyinin sifarişi ilə hazırlanmış və bu gün istifadəyə verilən bal emalı üzrə mobil emalatxananın Cocuq Mərcanlıdakı və yaxın kəndlərdəki arıçılıq təsərrüfatlarına xidmət göstərəcəyini deyib. Bundan sonra arıçılıq təsərrüfatlarında istehsal olunan məhsul bu bal emalı üzrə mobil emalatxanada emal olunaraq qablaşdırılacaq və “Cocuq Mərcanlı” brendi ilə satışa çıxarılacaq. Məhsullar isə açılışı olan digər müəssisə -  mobil satış məntəqəsində satışa çıxarılacaq. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyn Büyükfırat Türkiyə-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, Cocuq Mərcanlıda birgə icra olunan layihələrin bölgədə kənd təsərrüfatının inkişafında əhəmiyyətini vurğulayıblar.

Sonda tədbir iştirakçıları sahibkarların əl işlərindən və istehsal etdikləri məhsullardan ibarət sərgi ilə və inşası davam edən suvenir istehsalı müəssisəsi ilə tanış olublar. tikintisi davam edən suvenir müəssisəsi vasitəsilə burada istehsal ediləcək məhsullar həm yerli, həm də xarici bazarlarda satışa çıxarılacaq. Cocuq Mərcanlıda uşaqlar üçün əyləncə və istirahət parkı da əhalinin istifadəsinə verilib. Burada uşaqlar üçün əyləncə yerləri, yelləncəklər, attraksionlar quraşdırılıb.  Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli sərəncamına əsasən, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. İkinci mərhələdə isə Cocuq Mərcanlıda 100 ev və digər sosial obyektlər tikilib.

 


Create Account



Log In Your Account