Oct 11 2018 17:03
Views: 463

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyiş var. Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini Corc Kent deyib. O, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutan görüşü müsbət siqnal adlandırıb.
“Azərbaycanda hər kəs münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Ölkəyə səfərim zamanı münaqişənin tənzimlənməsi prosesində son dövrlər əldə olunan irəliləyişə, o cümlədən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkdakı, prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın Düşənbədəki görüşlərinə toxunduq. ATƏT Mİnsk qrupunun həmsədrlərindən biri kimi Birləşmiş Ştatlar münaqişənin Madrid prinsipləri əsasında həll edilməsi üçün öz öhdəliklərinə ciddi yanaşır”.
Corc Kent Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsinə töhfə verdiyini deyib. Qeyd edib ki, rəsmi Vaşinqton Azərbaycan hökumətinin regionda təhlükəsizliyin təmin edilməsi və gücləndirilməsi məqsədilə fəaliyyətini yüksək qiymətləndirir. Corc Kent Amerika Birləşmiş Ştatlarının Azərbaycanın həyata keçiridiyi Cənub Qaz Dəhlizi layihəsinə dəstəyini bir daha ifadə edib.
“Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” enerji ehtiyat mənbələrinin şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyini təmin edəcək. Cənub Qaz Dəhlizi çox geniş layihədir. Bir çox şirkət və ölkə bu layihəni həyata keçirmək üçün milyardlarla dollar sərf edib. Cənub Qaz Dəhlizi kimi layihələr ölkələr arasında əməkdaşlığın ən yaxşı nümunəsidir”.
Corc Kent ABŞ dövlət departamentinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini vəzifəsinin icrasına sentyabrdan başlayıb. Azərbaycana səfəri çərçivəsində o, prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, digər dövlət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirib.


Create Account



Log In Your Account