May 07 2019 18:52
Views: 239

Fevralın 5-də Ağsu, Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması üçün son 3 ayda görülən işlər açıqlanıb. Hər üç rayonun icra hakimiyyəti başçıları bu istiqamətdə görülən işlərlə bağlı məlumat veriblər. Qeyd olunub ki, zəlzələ nəticəsində Ağsu, İsmayıllı və Şamaxı rayonlarında 748 yaşayış evi qəzalı vəziyyətə düşüb, yüzlərlə yaşayış evinə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəyib.

Prezident İlham Əliyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən, zəlzələnin fəsadları aradan qaldırılmaqdadır. 

 

Azərbaycanın birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən hər üç rayonda bu işlərdə Regional İnkişaf İctimai Birliyi yaxından iştirak edir. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov bildirib ki, rayon ərazisində 114 yaşayış evi qəzalı vəziyyətə düşüb. İndi 76 yaşayış evinin tikintisi davam edir. Digərlərinin inşasına isə hazırlıq gedir. Mirdamət Sadıqov bildirib ki, İsmayıllıda fəsadların çox olmasının səbəbi bəzi evlərin sürüşmə zonalarında yerləşməsidir. Artıq bundan sonra sürüşmə zonalarında tikinti aparılmayacaq.

 

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev deyib ki, zəlzələ nəticəsində rayonda 350 yaşayış evi qəzalı vəziyyətə düşüb, yüzlərlə yaşayış evinə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəyib. O bildirib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədi ilə hazırda rayon üzrə 162 yaşayış evinin tikintisinə başlanılıb.

 

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov isə vurğulayıb ki, rayon ərazisində 284 fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb, 112 yaşayış evinin tikintisinə başlanılıb.

 

İcra başçıları bildiriblər ki, zəlzələ zamanı yaşayış evləri və sosial evlərə ziyan dəysə də tarixi abidələrdə hər hansı fəsad qeydə alınmayıb. Aparılan müşahidələr abidələrə ziyan dəymədiyini göstərib.

 

Zəlzələdən zərər çəkən insanlar üçün yeni inşa edilən evlər zəlzələyə tam dayanıqlı olacaq. İcra başçıları bildiriblər ki, yeni evlər tikilərkən hər rayonun özünəməxsus təbii şərtləri nəzərə alınıb. İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov bildirib ki, sakinlər də ev tikərkən bu amilə fikir verməlidirlər.

 

Xatırladaq ki, bu il fevralın 5-i və 6-da Ağsu, Şamaxı və İsmayıllı rayonlarında zəlzələ baş verib. Zəlzələdən dərhal sonra prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bölgəyə səfər edib. Dövlət başçısı zəlzələnin fəsadlarının aradan qalırılması ilə bağlı iki sərəncam imzalayıb. Bu sərəncamlarla ümumilikdə dövlət büdcəsində prezidentin ehtiyat fondundan 13 milyon manat ayrılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görülən işlərlə yerində tanış olmaq üçün martda yenidən bölgəyə gedib, sakinlərlə görüşüblər. Sakinlər üçün yeni yaşayış binasının təməlini qoyublar.

 

 

 


Create Account



Log In Your Account