Jun 27 2019 19:41
Views: 368

“İnsanlar vaxtında virus hepatitindən qorunmalıdırlar. Azərbaycanda bu, çox yüksək səviyyədə təşkil olunur”. Bunu delta hepatitə həsr olunan beynəlxalq konfransda Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar İctimai Birliyinin sədri Gülnarə Ağayeva bildirib. Qeyd edib ki, tədbir Azərbaycan səhiyyəsi üçün vacib problemə həsr olunub. Belə ki, D hepatitinin çox ağır fəsadları olur. Məqsəd bu virusun həlli yollarını araşdırmaq, eləcə də Azərbaycan həkimlərini bu sahədə maarifləndirməkdir.
“Qələbə üçün birləşək” devizi altında keçirilən konfransa dünyanın 30 ölkəsindən 500-dən çox iştirakçı qatılıb. Yerli və xarici həkimlər, tibbin bu sahəsi üzrə mütəxəssislər nadir, lakin son illərdə çox təhlükəli sayılan qaraciyər virusu ilə bağlı fikir mübadiləsi aparıblar.
D hepatit qaraciyərin iltihabına səbəb olan bir infeksiyadır, hepatologiyanın ən mürəkkəb problemlərindən biridir. Problemin vacibliyi ondan ibarətdir ki, bu xəstəlik uzun illər heç bir simptomu olmadan inkişaf edir və çox qısa vaxt ərzində qaraciyər sirrozuna çevrilir.
Beynəlxalq konfrans iki gün davam edəcək.


Create Account



Log In Your Account