Jul 08 2020 17:52
Views: 575

Koronavirusdan qaçmağın hələlik bəlli yolu – fərdi qoruyucu vasitələrdən istifadə etmək, gigiyena qaydalarını unutmamaqdır. Amma yoluxma olarsa, xəstəliyi yüngül keçirmək üçün immunitetin möhkəm olması lazımdır. Bədənin müqavimətini artırmaq üçün verilən həkim məsləhətlərində son vaxtlar D vitamininin adı daha çox çəkilir. Nəinki profilaktika, hətta virusa yoluxan və xəstəliyi yüngül keçirdən şəxslər üçün də evdə müalicə protokolunda  ilk növbədə bu element qeyd olunur. Azərbaycan Tibb Universitetinin farmakologiya kafedrasının professoru Vəli Əsmətov deyir ki, artıq D vitamininin orqanizmdə özünü ən zəruri elementlərdən biri  - hormon kimi aparması tibb elmi tərəfindən öz təsdiqini tapıb.

Professor qeyd edir ki, D vitamininin dərimizdə ultrabənövşəyi şüaların təsirindən əmələ gəlməsi əsasən saat 12-15 arasında baş verir. Bu saatlar da həm günvurma, həm də dəri xərçənginin əmələ gəlməsi üçün böyük risk faktoru sayılır. Ona görə indiki durumda günəş şüalarından bədənimizdə kifayət qədər D vitamini yaranmır. Elə buna görə də ən düzgünü D vitamininin miqdarını qanda müayinə edərək dəqiqləşdirib çatışmazlıq olduğu halda, D vitamini qəbul etməkdir. Lakin bunu özbaşına, həkim məsləhəti olmadan etmək olmaz.

Professor bəzən fərdi qoruyucu vasitələrinin də düzgün istifadə olunmamasının ziyanlı ola biləcəyi barədə xəbərdarlıq edir. Bu hallar da immuniteti sala bilər. Məsələn, tək olduğun ictimai yerlərdə, parklarda, küçədə gəzinti zamanı maska taxmağa, əlcək geyinməyə ehtiyac yoxdur.

Qorunmaq üçün təməl prinsiplər – giyiyena qaydalarına ciddi riayət etmək, qapalı məkanlarda, ictimai nəqliyatda, insan çox olan yerlərdə mütləq maska taxmaq və məsafə saxlamaq, çöldən gələndə əlləri sabunla yumaq, gündə yalnız bir neçə dəfə zəruri hallarda əlləri spirtləmək lazımdır. İmmuniteti gücləndirmək üçün profilaktik olaraq özbaşına dərman qəbul etmək qəti qadağandır. əlbəttə, təbii vasitələrdən – sarımsaq, zəncəfil , bal kimi qidalarla bədəni möhkəmləndirmək olar. Bunlar virusa yoluxmadan qorumasa da, xəstəliyin yüngül keçməsinə kömək edir.


Create Account



Log In Your Account