Mar 13 2019 14:13
Views: 303

Ermənistanın baş naziri  Paşinyanın son addımı bir daha onu göstərir ki, Dağlıq Qarabağ bölgəsindəki ermənilərinin danışıqlarda iştirakına ehtiyac yoxdur. Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın Təhlükəsizlik Şurasının Xankəndidə keçirilən iclasında iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini şərh edərkən belə deyib. Bildirib ki, münaqişənin həlli üzrə danışıqlar prosesinin formatı ATƏT-in qərarı ilə çoxdan müəyyənləşdirilib və bu, hər kəsə bəllidir.

“Görünür, hər bir məsələ öz yerini tapır. Ermənistan baş naziri ölkəsinin Təhlükəsizlik Şurasının növbədənkənar iclasını ölkəmizin işğal olunmuş Xankəndi şəhərində keçirirsə, demək, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin ermənilərinin danışıqlara cəlb edilməsi cəhdlərinə də ehtiyac qalmır. Dırnaqrası “Qarabağ erməniliyi” fikrini səsləndirən baş nazir söz oyununa son qoyaraq, Dağlıq Qarabağda yaşayan ermənilərin “xalq” yox, erməni icması olduğunu dilə gətirir. münaqişənin həlli üzrə uzun illərdir ki, davam edən danışıqlar prosesinin formatı aydındır və ATƏT-in konsensus qərarı ilə bu məsələ müəyyən edilib”.

Leyla Abdullayeva qeyd edib ki,  münaqişənin həlli üzrə prinsiplərə gəldikdə, Minsk Qrupu həmsədrlərinin də son bəyanatında istinad etdikləri ATƏT-in Helsinki Yekun Aktında aydın şəkildə əks olunmuş prinsiplərin hər hansı bir şəkildə yanlış təfsir olunması mümkün deyil. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxardılması və bu ərazilərə azərbaycanlı məcburi köçkünlərin geri qayıtması istiqamətində konkret addımların atılmasının vaxtı çoxdan yetişib. Ekspertlərin fikrincə, Ermənistan rəhbərliyi bu cür addımlarla danışıqlar prosesini uzatmaq və status-kvonu qoruyub saxlamağa çalışır.

Xatırladaq ki, martın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan işğal altındakı Azərbaycan ərazilərinə gedib. O, Xankəndində separatçı rejimin nümayəndələri ilə birlikdə Təhlükəsizlik Şurasının iclasını keçirib.


Create Account



Log In Your Account