Aug 07 2019 18:56
Views: 183

“Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını kəskin şəkildə pisləyir. Paşinyan təmsil etdiyi ölkənin Azərbaycana qarşı hərbi işğal siyasəti apardığını bir daha nümayiş etdirdi”. “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev işğal edilmiş Azərbaycan ərazilərində keçirilən “Pan-Erməni oyunları” və Nİkol Paşinyanın burdakı bəyanatı ilə bağlı açıqlamasında belə deyib. Bildirib ki, Paşinyan Dağlıq Qarabağın Ermənistana aid olduğunu bəyan etməklə,Ermənistanın həyata keçirdiyi təcavüz, işğalçı siyasətini açıq şəkildə səsləndirib. İcmanın bəyanatı  artıq beynəlxalq təşkilatlara göndərilib.

Tural Gəncəliyevin sözlərinə görə, Paşinyan Ermənistanda hakimiyyətə gələrkən özünü “demokratik dəyərlərə sadiq” birisi kimi qələmə verməyə çalışırdı. Lakin sonuncu çıxışı zamanı əsl simasını göstərmiş oldu.

İcma rəhbərinin sözlərinə görə, bu oyunlarla bağlı Azərbaycanın işğal olunmuş ərazilərinə gələcək iştirakçılar nəzarətdə saxlanılacaq. Orada hər hansı bir xarici ölkənin vətəndaşı və ya jurnalist iştirak edərsə, onlara etiraz ediləcək. Həmin şəxslər Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər sıyahı”sına da daxil edilə bilər. İcma rəhbəri deyib ki, yalnız Azərbaycanın beynəlxalq tanınmış sərhədləri bərpa olunduqdan və ölkəmizin işğal olunmuş ərazilərindən qovulmuş yüzminlərlə azərbaycanlı geri döndükdən sonra idman oyunları və digər birgə tədbirlərin həyata keçirilməsi mümkün ola bilər.

Tural Gəncəliyev Azərbaycan Respublikasının Dağlıq Qarabağ  bölgəsinin erməni icması ilə dialoqa hazır olduqlarını bəyan edib. bildirib ki, icmalar arası dialoq və təmasların qurulması üçün çoxlu çağırışlar olub. Təəssüf ki, erməni tərəfindən hər hansı bir reaksiya olmayıb.

 


Create Account



Log In Your Account