Oct 16 2019 16:52
Views: 555

“Danışır Bakı” – bu sözlərlə 1926-cı ildə Azərbaycanda ilk radiostansiya yayıma başlayıb. Üzərindən təxminən 100 il keçdikdən sonra Bakıda bu adla maraqlı sərgi açılıb. “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində təqdim olunan “Danışır Bakı: 1900-1940-cı illər” adlı sərgi sənətsevərlərin böyük marağına səbəb olub. 
Sərgidə XX əsrin əvvəllərindən ikinci dünya müharibəsi dövrünədək yaradılan rəngkarlıq və qrafika əsərləri, o cümlədən ədəbi nümunələr, arxiv sənədləri və xronika nümayiş olunur. Eksponatlar arasında böyük rus yazıçısı Maksim Qorkinin Azərbaycana səfəri zamanı çəkilən fotoşəkil, repressiya qurbanı olan Azərbaycan şairi Mikayıl Müşfiqin əlyazması, Azərbaycan teatrının yaradıcılarından olan dramaturq Cəfər Cabbarlının 1920-ci ildə yazdığı məktub xüsusi maraq doğurur.
Ekspozisiyanın böyük bir qismini isə rəsm əsərləri tutur. Bu tablolar ölkənin və cəmiyyətin 1900-1940-cı illərdə necə dəyişdiyini əks etdirir.
Sərgidə nəsillərin dəyişməsi, yeni incəsənət növlərinin və janrlarının meydana gəlməsi ilə yanaşı, dövrün ağrı-acıları və itkilərini də görmək olar. Belə ki, burda təqdim olunan əsərlərdə və sənədlərdə 30-cu illər qanlı sovet repressiyasının da izləri əks olunub. Bundan başqa təhsil, maarifçilik hərəkatı, qadın azadlığı, milli kimlik uğrunda mübarizə kimi mövzular da dövrün aktual məsələləri kimi diqqət çəkir. 
Sərgi aprelin 12-nə kimi açıq olacaq.


Create Account



Log In Your Account