Mar 18 2019 18:17
Views: 560

“Daun sindromlu insanların fərqlilikləri onları digər insanlardan qətiyyən ayırmır, əksinə onlar öz istedadları, yüksək mənəvi keyfiyyətləri ilə hər kəsə nümunəvi insanın necə olduğunu göstərirlər”. Bunu Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyinin sədri Sevinc Abdullayeva  21 mart Beynəlxalq Daun Sindromu Gününə həsr olunmuş tədbirdə bildirib. Dövlətin hər zaman bu qəbildən olan şəxsləri diqqət və qayğı ilə əhatə etdiyini deyən birlik sədrinin sözlərinə görə, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin istifadəyə verilməsi bunun bariz nümunəsidir.

Tədbirdə bildirilib ki, 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilən reabilitasiya mərkəzində ümumilikdə 5 yaşından yuxarı 160-dək şəxs reabilitasiya keçir. Onların müxtəlif bacarıqlarının inkişafı, sosial həyata inteqrasiyası istiqamətində davamlı işlər görülür. Gündəlik məşğələlərdə iştirak edən fərqlilikləri olan uşaqların valideynləri də onların hərtərfli inkişafı üçün bütün şəraitin yaradıldığını deyir.

Tədbirin bədii hissəsində daun sindromlu uşaqlar bacarıq və istedadlarını nümayiş etdiriblər. Pianoda ifalar, mahnı ifaları təqdim olunub.  Daun sindromlu şəxslərin hazırladıqları rəqslər hər kəsin marağına səbəb olub. Novruzun atributları olan Kosa və Keçəl uşaqların əyləncəsini rəngləndirib. 

Qeyd edək ki, Daun sindromu onu 1866-cı ildə ilk dəfə təsvir etmiş ingilis həkimi Con Daunun şərəfinə adlandırılıb. Bu sindrom 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir. Beynəlxalq Daun sindromu gününün qeyd olunmasının tarixi də təsadüfi seçilməyib. Belə ki, məhz xromosom cütünün nömrəsi (21) və xromosomların miqdarı (3) nəzərə alınaraq, Beynəlxalq Daun Sindromu Günü hər il ilin üçüncü ayının, yəni martın 21-də qeyd olunur.


Create Account



Log In Your Account