Jan 18 2019 18:14
Views: 614

“Artıq 1 il 3 aydan çoxdur ki, atamdan heç bir xəbər ala bilmirəm”. Bunu erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov CBC-yə açıqlamasında deyib. Bildirib ki,Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri atasından nə məktub, nə də videogörüntü təqdim edir.

Bir ildən çoxdur atasından məktub almayan Kürdoğlu Əsgərov nigarandır. Onu ən çox Dilqəm Əsgərovun səhhəti narahat edir. Atasının ona məktub yazmaq istəmədiyinə qəti inanmır.

Dilqəm Əsgərovun oğlu məsələ ilə bağlı Avropa Şurasının İnsan hüquqları üzrə komissarına da müraciət ünvanladıqlarını bildirib. Onun sözlərinə görə, əgər yaxın zamanda atasından məktub və ya videogörüntü almazsa, digər beynəlxalq təşkilatlara da müraciət edəcək. Xatırladaq ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyevlə Həsən Həsənov yaxınlarının məzarlarını ziyarət etmək üçün işğal altında olan Kəlbəcər rayonuna gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri keçirdikləri əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb. Sonralar aidiyyəti dövlət orqanlarının beynəlxalq təşkilatlarla apardığı danışıqlar nəticəsində, onun meyiti Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyilə ermənilərdən alınıb. Dilqəm Əsgərov və Şahbaz Quliyev isə mənəvi, fiziki işgəncələrə məruz qalıblar. İşğal altındakı Dağlıq Qarabağda Ermənistan və separatçı rejim onlar üzərində qanunsuz “məhkəmə” qurub. Qanunsuz “məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum edilib. Hər iki kəlbəcərli girovun azad edilməsi üçün Azərbaycan dövləti və hüquq müdafiəçiləri artıq 5 ilə yaxındır ki, iş aparırlar.

 


Create Account



Log In Your Account