Sep 21 2019 18:37
Views: 216

Qanunsuz olaraq erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin “hamının-hamıya” prinsipi əsasında mübadilə edilməsi ilə bağlı Azərbaycan tərəfinin təklifinə Ermənistandan cavab gəlib. Ermənistanın müdafiə naziri David Tonoyan azərbaycanlı girovların Karen Kazaryan və Araik Kazaryan ilə mübadilə oluna biləcəyini istisna etməyib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və beynəlxalq təşkilatların apardığı işlər girovların ailə üzvlərində də ümid yaradıb. CBC-yə müsahibəsində Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının tezliklə azad olunacağına inandığını bildirib.  
Kürdoğlu Əsgərov bu ilin sonunadək atasının azad olunacağına və onu sağ-salamat qarşılaya biləcəyinə çox ümidlidir. Uzun müddətdir atası ilə danışmaq imkanı olmayan Kürdoğlu onun səhhətində ciddi problemlərin olmasından və erməni tərəfinin bu faktı gizlətməsindən narahatdır. Bununla belə, Kürdoğlu atasının tezliklə vətənə qayıdacağına inanır. 
Xatırladaq ki, 2014-cü ilin iyulunda Azərbaycan əsilli Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət edərkən Ermənistan əsgərləri onları girov götürüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. Onların erməni hərbçiləri - Azərbaycan ərazisində terror-təxribat əməllərinə görə həbs edilmiş Karen Kazaryan və cəbhənin Füzuli istiqamətində könüllü surətdə Azərbaycan Ordusuna təslim olmuş Araik Kazaryanla qarşılıqlı mübadiləsi təklif olunur. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu mübadiləyə Azərbaycan tərəfinin hazır olduğunu bəyan edib.

 


Create Account



Log In Your Account