Apr 10 2018 18:56
Views: 468

Azərbaycanda ilk dəfə 10 Aprel – Ədalətli İdman Günü qeyd olunub. Azərbaycan Milli Antidopinq Agentliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda keçirilən tədbirdə idmanda bərabərliyin qorunmasının vacibliyi VURĞULANIB. Qeyd olunub ki, Ədalət prinsipi idmanda ən önəmli amildir.

Tədbirdə istifadəsi qadağan olunmuş preparatlardan istifadəyə qarşı görülən işlər, idmançıların maarifləndirilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat veriliub. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev deyib ki, artıq neçə illərdir ölkəmiz Ədalətli Oyunlar Hərəkatının fəal üzvüdür.

Müxtəlif idman növləri üzrə qeyri-bərabər şəraitdə yarışların əyani nümayişindən sonra Milli Olimpiya Komitəsi baş katibinin müavini Azər Əliyev, Olimpiya çempionları Zemfira Meftahətdinova, Fərid Mansurov, Namiq Abdullayev, AFFA-nın baş katibi Elxan Məmmədov, İsveçrənin Azərbaycandakı səfiri Filipp Stalder və digərləri ədalətli idman prinsiplərinin vacibliyi, istifadəsi qadağan olunmuş preparatların qəbulunun idmançıların karyerasındakı zərərləri barədə danışıb, bütün atletləri “təmiz idman”a səsləyiblər. Sonda idman ictimaiyyətinin nümayəndələri və tanınmış idmançılar Ədalətli İdman Günü ilə əlaqədar hazırlanmış müxtəlif şüarlarla şəkillər çəkdiriblər.

Beynəlxalq Antidopinq Agentliyi 10 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib. 2013-cü il aprelin 10-da Cənubi Amerikanın 17 ölkəsinin iştirakı ilə keçirilən konfransda ədalətli idman təşəbbüsü irəli sürülüb. Cənubi Amerika ölkələrinin təşəbbüsünə daha sonra Avropa, ardınca isə bütün dünya ölkələri qoşulub. Hər il bu təşəbbüsə müxtəlif ölkələr qoşularaq silsilə tədbirlərə ev sahibliyi edirlər. Bu isə hərəkatın qloballaşmasına imkan yaradır. Hərəkatın sıralarının genişlənməsi dünyada “təmiz idmançılar”ın sayının artmasına, atletlərə rəqibə ədalətlə yanaşmaq və təmiz qələbə hislərini aşılamağa böyük töhfə verir.


Create Account



Log In Your Account