Mar 04 2019 18:07
Views: 265

Martın 14-dən 22-dək Birləşmiş Ərəb Əmirliklərində Dünya Xüsusi Yay Oyunları keçiriləcək. Dünyanın 170-dən artıq ölkəsini təmsil edən 7 mindən çox xüsusi olimpiya idmançısının qatıldığı yarışlarda Azərbaycanı 56 idmançı təmsil edəcək. Bunu Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimində gənclər və idman naziri Azad Rəhimov deyib. Bildirib ki, azərbaycanlı atletlər idmanın 10 növündə yarışacaqlar.

Yarışa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrindən də atletlər qatılacaq.

Tədbirdə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin üzvlərinin hazırladığı səhnəciklər nümayiş olunub. Daha sonra Xüsusi Yay Olimpiya Oyunlarında mübarizə aparacaq atletlərin məşq prosesi izlənilib. Nazirlər oyunlarda ölkəmizi təmsil edəcək idmançı Həbib Tağıyevlə stolüstü tennis də oynayıblar. Xüsusi olimpiyaçılar beynəlxalq yarışmada uğur qazanacaqlarına inanırlar.

Xüsusi Yay Olimpiya Oyunları ilk dəfə 1968-ci ildə Çikaqoda keçirilib. Xüsusi Olimpiya Təşkilatının təşkil etdiyi bu oyunlarda xüsusi qayğıya ehtiyacı olan insanlar öz atletik bacarıqlarını nümayiş etdirirlər. Azərbaycanlı idmançılar ötən dövrdə Los-Angelesdə atletika, cüdo və digər idman növlərində uğurlu nəticələr göstərərək ölkəmizə 24 medal gətiriblər.


Create Account



Log In Your Account