May 06 2019 19:09
Views: 382

Azərbaycan və Rusiya dəmir yolları arasında əməkdaşlığın inkişafı barədə memorandum imzalanıb. Sənədi "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov imzalayıblar.

Memorandum Avrasiyadakı beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və istismarı, o cümlədən xarici iqtisadi əlaqələrin genişləndirilməsi, eləcə də tranzit və ixrac-idxal daşımaları üçün optimal nəqliyyat şəraitinin təmin edilməsi məqsədilə koordinasiyalı siyasət həyata keçirilməsinə yönəlib. Tərəflər dəmir yolu sahəsində əməkdaşlığı, o cümlədən milli dəmir yolu şirkətlərinin nəqliyyat və tranzit potensialının artırılmasını, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu çərçivəsində İran-Azərbaycan-Rusiya-Avropa marşrutları, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun infrastrukturu vasitəsilə Rusiya-Azərbaycan-Türkiyə marşrutu üzrə yük daşımalarının artmasına kömək edəcək tədbirlərin birgə həyata keçirilməsi yolu ilə inkişaf etdirmək niyyətindədirlər.

Tərəflər “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutuna və digər marşrutlara konteyner qatarları ilə daşımalar üçün əlavə yüklərin cəlb edilməsi barədə razılığa gəliblər.

Razılaşma çərçivəsində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində və digər marşrutlarda perspektiv daşıma həcmlərini nəzərə alaraq, Samur-Yalama sərhəd keçidinin buraxma qabiliyyətininin artırılması üçün infrastrukturun inkişaf etdirilməsi də nəzərdə tutulur. Oleq Belozyorov bildirib ki, bu il ümumilikdə pos-sovet ölkələrinin dəmir yolçuları üçün əlamətdardır. Belə ki, bu il Baykal-Amur Magistralının açılmasının 45 ili tamam olur. Bu layihənin reallaşmasında milli lider Heydər Əliyevin xüsusi xidmətləri nəzərə alınaraq Rusiyada keçiriləcək tədbirlərə Azərbaycandan da geniş nümayəndə heyəti dəvət olunub.

 

 


Create Account



Log In Your Account