Feb 21 2019 18:16
Views: 287

Azərbaycanda yaşayan müxtəlif konfessiyalardan olan din xadimləri Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə beynəlxalq təşkilatlara, dünya dini liderlərinə müraciət edib. Müraciətdə qeyd olunur ki, 27 il ötməsinə baxmayaraq erməni terrorçuları törətdiklərə cinayətə görə hələ də cəzalandırılmayıb. Azərbaycanın beynəlxalq ictimaiyyətə mütəmadi müraciətlərinə obyektiv yanaşan dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanısa da, təəssüf ki, dəhşətli cinayətə etinasız yanaşanlar da mövcuddur.

Bu gün erməni tərəfi təxribatlardan nəinki əl çəkmir, öz dədə babalarının qərbini ziyarət edən vətəndaşlarımızı əsir götürür, onlara işgəncələr verir, meyidlərin qaytarılması məsələsində belə beynəlxalq konvensiyalara əməl etməkdən boyun qaçırır. Qafqaz Müsəlmanları İdarəsində soyqırımın ildönümü ilə əlaqədar keçirilən tədbirdə qəbul edilən müraciəti Xocalı sakinləri də  imzalayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Xocalıda törədilənlər unudulmamalıdır və dünya ictimaiyyətinə edilən müraciətlər də bu cinayətin qəbul edilməsi istiqamətində atılan addımlardır. Mübariz Qurbanlı qeyd edib ki, soyqırıma hüquqi siyasi qiymətin verilməsi milli lider Heydər Əliyevin təşəbbüsü ilə olub. Xocalı soyqırımının dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun da danılmaz əməyi var.

Azərbaycandakı digər dinlərin təmsilçiləri də Xocalıda ermənilərin törətdiyi vəhşilikləri pisləyiblər. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qurumun Baş katibi Antoniu Quterrişə məktubunda  da Xocalıda və Azərbaycanın işğal edilmiş digər ərazilərində cinayətlər törətmiş şəxslərin hələ də cəzasız qalmasına diqqət çəkib. 27 il bundan əvvəl Dağlıq Qarabağ münaqişəsi tarixində ən böyük kütləvi qırğın törədildiyini qeyd edən Yaşar Əliyev bildirib ki, beynəlxalq birlik Xocalıda baş verənlər barədə düşünməlidir. Ermənistanın, onun siyasi və hərbi rəhbərliyinin Xocalıda və Azərbaycanın işğal edilmiş ərazilərindəki digər yerlərdə törədilmiş cinayətə görə məsuliyyət daşıması həm Azərbaycanın hüquq mühafizə orqanlarında olan inandırıcı sübutlarla, həm də şahid ifadələri, qeyri-hökumət təşkilatlarının apardığı müstəqil təhqiqatlarla təsdiqlənib və etiraf edilib. Səfir məktubun Baş Assambleyanın gündəliyinin 35-ci və 41-ci bəndləri üzrə sənəd və BMT Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasını xahiş edir.


Create Account



Log In Your Account