Mar 05 2019 18:26
Views: 231

“20 faiz torpağını erməni ekstremistləri işgal etmiş, bir milyondan artıq soydaşı qaçqın və məcburi köçkün taleyi yaşamağa məcbur olan, Xocalı soyqırımına məruz qalmış Azərbaycan xalqı ən ağrılı problemi olan Qarabağ münaqişəsinin müharibə yolu ilə deyil, beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həllinin tərəfdarıdır.”  Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxulislam Allahşükür Paşazadə “Dinlər və sivilizasiyalar arası dialoqdan əməkdaşlığa doğru” adlı beynəlxalq konfransda belə deyib. Bildirib ki, bu gün dünyada humanitar fəlakətlər, insan qırğını, miqrant böhranı kimi hallar gündəmdədir.

Beynəlxalq konfransda qeyd olunub ki, Azərbaycan dini dəyərlərə ən yüksək ehtiramın göstərildiyi, məscidlərlə yanaşı xristian və yəhudi dini məbədlərinə də dövlət səviyyəsində qayğı və himayənin mövcud olduğu nümunəvi məkandır. Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirir. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında mühüm xidmətləri olan ABŞ-ın Etnik Anlaşma Fondunun rəhbəri Mark Şnayer Azərbaycanı bütün dünya ölkələri üçün nümunə adlandırıb.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildlrib ki, tarixi Azərbyacan torpaqlarının 20 faizindən çoxunu monokultural siyasət yürüdən Ermənistanın işğal etməsinə baxmayaraq, ölkəmizdə yaşayan ermənilərə qarşı heç bir ayrı-seçkliyə yol verilmir. İşğal altında olan Dağlıq Qarabağ ərazisində çoxsaylı dini, mədəni və tarixi abidələrimizi Ermənistan Silahlı birləşmələri dağıtdığı halda, Bakının mərkəzində yerləşən erməni kilsəsini Azərbacan dövləti mühafizə edir. Təkcə bu faktın özü Azərbaycan dövləti və xalqının yüksək tolerant və multikultuiral mənəviyyatının bariz nümunəsidir.


Create Account



Log In Your Account