Mar 14 2018 19:11
Views: 311

Dünya ədəbiyyatının ən tanınmış simalarından biri olan dahi şair və mütəfəkkir Nizami Gəncəvinin irsi bu gün Bakıda keçirilən beynəlxalq konfransda müzakirə olunub. “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusuna həsr edilmiş tədbirdə qeyd olunub ki, Nizami poemaları dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirib. Müasir günümüzdə də həvəslə izlənilən Nizami yaradıcılığı daim tədqiq olunmalı və təbliğ edilməlidir.

Toplantıda müxtəlif ölkələrdən olan alim və tədqiqatçılar Nizami yaradıcılığının digər sənətçilərə ilham verdiyini bildirdilər. Hətta “Romeo və Cülyetta” poemasının məhz Leyli və Məcnun dastanı əsasında yazılması haqqında ehtimalların səsləndiyi də xatırladıldı. Faktlar göstərir ki, müasir sənət adamları da Nizami yaradıcılığından bəhrələnirlər. Fransız şairi Araqon “Elzanın gözləri” adlı məşhur  şeiri məhz Nizaminin Leylisinə həsr etdiyini bildirib. Digər maraqlı faktlar da var 

Konfransda müstəqillik illərində ölkəmizdə nizamişünaslıq sahəsində aparılan tədqiqat işlərindən danışılıb. Dünyanın müxtəlif elmi mərkəzlərinin aparıcı mütəxəssisləri, professorları çıxış edərək Nizami yaradıcılığında izlənən motivlər, arxetiplər və təkrarlanan mədəniyyətləri mövzusunda mühazirələrlə çıxış ediblər. müxtəlif xalqların ortaq dəyərlər xəzinəsi adlandırılan Nizami yaradıcılığına müasir multikulturalizm konteksitində də yanaşılıb.

 Konfrans panel sessiyalarla işini davam etdirib. Çıxışlarda qeyd olunub ki, Nizami dialoqu təfəkkür tərzi kimi təqdim edən şairir, onun əsərlərində demokratik dövlət quruluşu prinsipləri təbliğ olunub, daim ədalət nəzəriyyəsi ilə poetikanın vəhdəti yer tapıb. Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası  mövzusunda konfrans işini sabah yekunlaşdıracaq. Konfrans Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə əməkdaşlığı ilə keçirilir.

 

 


Create Account



Log In Your Account