Nov 14 2019 18:54
Views: 58

Dünya dini liderlərinin Bakıda keçirilən ikinci sammitində dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi iştirak edir. 
Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri də sammitdə təmsil olunur. Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən Sammitdə Azərbaycanda dinlərarası dialoqun bütün dünyaya örnək olduğu vurğulanıb. 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə milyonlarla dindarları təmsil edən nüfuzlu din xadimlərinin Bakıda bir masa ətrafında toplaşmasının təsadüf olmadığını deyib. Bildirib ki, multikulturalizm ölkəmizdə həyat tərzidir. Təəssüflə qeyd edib ki, bu gün dünyada dindən istifadə edərək nifrət çağırışları edənlər artıb.
Sammitdə çıxış edən Moskva və Bütün Rusiyanın patriarxı Kirill dinlərarası dialoqa verdiyi töhfəyə və sammitin keçirilməsinə görə Azərbaycana təşəkkür edib.
Patriarx Kirill, Rus Pravoslav Kilsəsinin birinci dərəcəli “Müqəddəs Serafim Sarovski” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib. 
Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Prezident Vladimir Putinin Dünya dini liderlərinin II Sammitinə ünvanladığı məktubu oxuyub. Rusiya prezidentinin sərəncamına əsasən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin layiq görüldüyü Fərqlənmə Nişanını təqdim edib. 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Allahşükür Paşazadəyə təbrik ünvanlayıb. Türkiyənin Dəyanət İşləri başqanı Ali Erbaş Prezident Rəcəb Tayyib Ərdoğanın məktubunu oxuyub.
İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkman çıxışında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəlindən bir parça səsləndirib. 
İkigünlük Sammitdə “Multikulturalizm, tolerantlıq, dinlərarası həmrəyliyin təşviqi, terrorizm, təcavüzkarlıqla mübarizə, gənclərin maarifləndirilməsi və digər mövzular ətrafında müzakirələr aparılacaq. Sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunacaq.

 


Create Account



Log In Your Account