Aug 03 2020 14:22
Views: 403

Bu ilin iyulunda sosial media istifadəçilərinin sayı 4 milyarda yaxınlaşıb, bu isə Yer kürəsi əhalisinin yarıdan çoxu deməkdir. Tarixdə ilk dəfə qeydə alınan bu rəqəmlər "We Are Social" agentliyi və "Hootsuite" alətinin tərtibatçılarının hazırladığı hesabatda yer alıb. İnternetdən istifadənin rekord həddə çatmasında pandemiyanın rolu danılmazdır. Ən böyük artımı "Instagram" və "LinkedIn" şəbəkələri nümayiş etdirib. Son üç ayda "Instagram"a gündə 1 milyon yeni istifadəçi qoşulub. Hazırda bu platformanın istifadəçilərinin sayı 1,08 milyard nəfərdən çoxdur və auditoriyasının 63%-i 18-34 yaş aralığına daxildir. Mütəxəssislər qeyd edirlər ki, reallıqda sosial şəbəkə istifadəçilərinin sayı göstəriləndən daha çoxdur. Çünki 13 yaşdan kiçik uşaqların qeydiyyata alınması qadağan edildiyi üçün azyaşlılar qeydiyyat zamanı yaşlarını daha böyük qeyd edirlər. Bu isə, erkən yaşlardan internetin sərhədsizliyinə aludə olan azyaşlıların çox zaman real həyatda sosiallaşmasında problemlər yaradır. Hesablamalara görə hazırda dünya əhalisinin 59%-i yəni 4,5 milyard insan orta hesabla gündə 6 saat 42 dəqiqə internetdə, 2 saat 22 dəqiqə isə sosial mediada vaxt keçirir. Bu kifayət qədər uzun zaman göstəricisidir. istifadəçilərin 42%-i əksər hallarda podkastlara yəni musiqi və video materiallarına qulaq asır. Demək olar, bütün istifadəçilər internetə mobil qurğular vasitəsilə daxil olur. Mütəxəssislər bildirirlər ki, sosial media və informasiya texnologiyaları gələcəkdə də həyatımızın ayrılmaz tərkib hissəsi olmaqda davam edəcək. Bu, danılmaz həqiqətdir. Əsas məsələ yeni texnologiyalardan istifadə edərkən reallıq hissini itirməmək və gerçək həyatdan qopmamaqdır.


Create Account



Log In Your Account