Sep 07 2018 14:19
Views: 523

Azərbaycan komandası Qırğızıstanda keçirilən 3-cü köçəri oyunlarında ilk qızıl medalını qazanıb. Cəlal Süleymanov milli güləş növü üzrə yarışda 60 kq çəki dərəcəsində bütün rəqiblərini  üstələyib.
Azərbaycan idmançısı Cəlal Süleymanov üçün 3-cü köçəri oyunlarında milli güləş növü üzrə mübarizədə birinciliyi əldə etmək heç də asan olmayıb. Bütün görüşlər çətin mübarizə şəraitində keçib. Finala vəsiqə uğrunda qazaxıstanlı rəqibinə qalib gələn Cəlal Süleymanov həlledici görüşdə Qırğızıstan təmsilçisini məğlubiyyətə uğradıb. Görüş kifayət qədər gərgin keçsə də, Azərbaycan idmançısı sonadək mübarizə aparıb.  
Beləliklə, 3-cü köçəri oyunlarında Azərbaycan idmançısı fəxri kürsünün ilk pilləsinə yüksəlib. Qızıl medalı güləşçimizə Azərbaycandan qonaq kimi dəvət edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli təqdim edib.
Milli güləş növü üzrə yarışlarda Azərbaycanı təmsil edən daha bir idmançı isə Rauf Bəkirov olub. O, mükafatçılar sırasına daxil ola bilməsə də, nümayiş etdirdiyi texnika və özünəməxsus taktikası ilə yaxşı perspektivi olduğuna inam yarada bilib. Qarşıda isə komandanı sambo üzrə yarış gözləyir. Bu yarışda Azərbaycan 4 idmançı ilə təmsil olunur. Məşqçilər komandanın qələbə şansını yüksək qiymətləndirir. Azərbaycan milli komandası III Dünya Köçəri Oyunlarında qazandığı medalların sayını 14-ə çatdırıb. Medalların 1-i qızıl, 5-i gümüş, 8-i bürüncdür.


Create Account



Log In Your Account