Mar 23 2018 18:25
Views: 457

1961-ci ildən etibarən Dünya Meteorologiya Təşkilatı martın 23-nü  Dünya Meteorologiya Günü kimi təqvimə salıb. İndi təşkilatın üzvü olan 191 ölkədə, o cümlədən 1993-cü ildən quruma üzv olan Azərbaycanda bu gün  qeyd olunur. Bu günü qeyd etməkdə məqsəd əhalinin sağlamlığının təmin olunmasında meteorologiya və meteoroloji xidmətin mühümlüyünə diqqəti cəlb etmək, bəşəriyyətin üzləşdiyi ən ciddi problemlərdən biri olan iqlim dəyişikliklərinə, onların səbəb və nəticələrinə, o cümlədən qarşısının alınmasına fikri yönəltməkdir. Hər il bu gündə insanlara 38 meteoroloji xidmətin mənasını izah edən yeni şüar seçilir. Bu ilin devizi “Hava şəraitinə hazırlaşırıq, iqlimi öyrənirik”dir.

Azərbaycanda rəsmi olaraq hidrometeorologiyanın tarixi 19-cu əsrin ortalarından başlayır. İlk dəfə 1830-cu ildə Xəzər dənizinin səviyyəsi ilə bağlı müşahidələr aparılıb. Sonradan isə bölgələrdə hidrometeoroloji müşahidə stansiyaları yaradılıb, Kür çayında suyun səviyyəsi ölçülüb. Amma hava şəraiti ilə bağlı ilk proqnozların verilməsi 20-ci əsrə təsadüf edir.

İndi Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar bürosunda 24 saat iş davam edir. Növbəli iş rejimində çalışan əməkdaşlar 3 saatdan bir aldıqları məlumatlar əsasında proqnoz hazırlayır. Proqnozlar sutkalıq, bir neçə günlük, həftəlik, eyni zamanda aylıq icmal şəklində təqdim olunur. Hava şəraiti ilə bağlı gözlənən kəskin dəyişikliklər barədə öncədən əhaliyə və ayrı-ayrı qurumlara xəbərdarlıq edilir. Mütəxəssislər bildirirlər ki, verdikləri proqnozların əksəriyyəti özünü doğruldur.

2014-cü ildən Azərbaycanda hava proqnozlarının daha dəqiq olması üçün Türkiyədən alınmış TürkMetKap sisteminin ən son versiyası tətbiq olunur. Hidrometeoroloqların informasiya mənbələri genişlənib.

Hava şəraitinin necə olacağını öncədən bilmək sadəcə insanların rahatlığı üçün deyil. Bu, sənaye, kənd təsərrüfatı, emal və hasilat sənayesi üçün milyonlarla vəsait, ən əsası insan həyatının təhlükəsizliyi deməkdir. Həm Azərbaycanda, həm də dünyada hidrometeorologiyanın əsas  məqsədlərindən biri hidrometeoroloji proseslərdən dəyən zərəri minimuma endirməkdir.


Create Account



Log In Your Account