Sep 12 2019 19:40
Views: 298

"Azərbaycanda heç bir qurum mediaya nəzarət etmir, media tam müstəqildir. Bunu bu gün Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Şura sədri qeyd edib ki, Azərbaycanda internet media da fəaliyyətini uğurla davam etdirir. 
Tədbirdə vurğulanıb ki, Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. Əhalinin üçdə biri - 3 milyona yaxın insan isə sosial şəbəkədən istifadə edir. Buna görə də internet media qurumlarının çox hissəsi yayımını Facebook üzərindən aparır. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da çıxışında sosial şəbəkələrin populyarlığından danışıb, dövlətin bu platformadan uğurlu istifadə etdiyini bildirib.
Əli Həsənov sosial şəbəkələrlə bağlı bu tendensiyanın müsbət və mənfi tərəflərini də qeyd edib. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə digər sahələrdə olduğu kimi media aləmində də iki ölkə nümayəndələrinin ortaq fəaliyyət göstərdiyini qeyd edib. 
Bakıda keçirilən toplantıda 100-dək media nümayəndəsi, o cümlədən Azərbaycandan 60 nümayəndə iştirak edir. Yığıncaqda ümumilikdə dünyada medianın inkişaf meylləri müzakirə olunacaq, iştirakçılar tədbirdə öz ölkələrində söz azadlığı və medianın durumu, o cümlədən mövcud problemlərə dair məruzələrlə çıxış edəcəklər. Dünya Mətbuat Şuraları Assosiasiyası 1992-ci ildə yaradılıb. Burada ABŞ-ın müəyyən ştatları, Türkiyə, Hindistan, Pakistan, Banqladeş, Nepal, Zimbabve, Kenya, Makedoniya və digər ölkələrin jurnalistləri təmsil olunub. Azərbaycan Mətbuat Şurası 2005-ci ildən bu qurumun üzvüdür. Dünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı sentyabrın 15-dək davam edəcək.


Create Account



Log In Your Account