Jun 24 2019 15:08
Views: 237

Sankt - Peterburqda keçirilən Dünya Neft Şurasının iclasında 2023-cü ildəki 24-cü Dünya Neft Konqesinə ev sahibliyi edəcək ölkə müəyyənləşib. Dünya Neft Şurasının 41 üzv ölkəsinin iştirakı ilə keçirilən səsvermədə Azərbaycandan yalnız 1 səs fərqi ilə Kanada seçilib. Azərbaycanla yanaşı Kanada, Argentina, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstanın mübarizə apardığı səsvermə 4 mərhələdə keçirilib. Final mərhələsinə qalan Azərbaycan 20, Kanada isə 21 səs toplayıb. Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, ilk dəfə namizədliyini irəli sürmüş ölkə olaraq Azərbaycanın belə yüksək səslə finala qədər gəlməsi Dünya Neft Şurası tarixində nümunə sayılacaq hadisədir. Nazir qeyd edib ki, səsvermə prosesində namizəd kimi iştirak Azərbaycana daha bir təcrübə qazandırıb. Yanvar ayından aparılan kampaniya Azərbaycanın dünya miqyasında bir daha tanıdılmasına, dəyərlərininin təbliğinə xidmət edib. Eyni zamanda, Dünya Neft Şurası üzvləri ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənib.

Dünya Neft Şurası tarixində ilk dəfə olaraq səsvermə prosesi 5 namizədlə 4 mərhələdə keçirilib. Səsvermədən əvvəl ölkələrin təqdimatları dinlənilib. Tədbirdə Energetika naziri Pərviz Şahbazov çıxış edib. Neft ölkəsi kimi Azərbaycanın tarixi və müasir inkişafından bəhs edən videoçarx və təqdimatlar nümayiş etdirilib. Həmçinin, Dünya Neft Şurası üzvlərini ölkəmiz barəsində daha ətraflı məlumatlandırmaq məqsədilə Azərbaycan xüsusi stendlə təmsil olunub.

1933-cü ildə yaradılan, 62 üzvdən ibarət Dünya Neft Şurasına Azərbaycan 2005-ci ildə üzv seçilərək “Milli Neft Komitəsi” İB-ni təsis edib və indiyə kimi bu mötəbər qurumun tədbirlərində fəal iştirak edib. Dünya Neft Şurasının mühüm platforması kimi üç ildən bir keçirilən Dünya Neft Konqresi neft-qaz sahəsində baş verən proseslərin qlobal miqyasda müzakirəsi və yeni çağırışların birgə dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

 


Create Account



Log In Your Account